AzərbaycanDünya

2024 SON 70 İLDƏ ƏN HƏLLEDİCİ İL OLA BİLƏR – “Azərbaycan və Türkiyə regionda bütün kartları əllərinə alıblar…”

Böyük Britaniyanın nüfuzlu “Economist” jurnalı 2024-cü ildə baş verəcək və planetdəki həyatı bu və ya digər şəkildə dəyişdirəcək ən mühüm hadisələri və mümkün təhlükələri müəyyən edib.

“Aznewstv” nəşrin hazırladığı araşdırmaya istinadla xəbər verir ki, “Economist” ilk yerdə seçkiləri qeyd edib: “Dünyada yaşayan insanların yarıdan çoxu 2024-cü ildə ümumxalq səsverməsinə gedəcək. Gələn il ümumilikdə 4,2 milyarddan çox insanın yaşadığı 70-dən çox ölkədə seçkilər təyin edilib. Bu göstəricilər ilk baxışda səsvermə hüququnun və demokratiyanın inkişafından xəbər versə də, reallıqda mənzərə bunun tam əksini göstərir. Bir çox ölkələrdə verilən səslər qeyri-liberal liderlərin mövqelərini gücləndirəcək, bəzi bacarıqsız hökmdarlar isə korrupsiya pulları ilə qələbə qazanacaqlar.

Bütün dünyaya təsir edəcək ən mühüm seçki rəqabəti şübhəsiz ki, ABŞ-da gələn ilin noyabrında keçiriləcək prezident seçkilərdir. Donald Tramp qalib gəlsə, Amerikada yaranacaq təcrid meylləri Rusiya-Ukrayna müharibəsində sülh dalğasına gətirib çıxara bilər, təbii ki, Ukraynanın güzəştləri hesabına. Bu arada bir sıra başqa ölkələrdə seçkilərin nəticələri əvvəlcədən müəyyən edilib. Məsələn, Belarus və ya Ruandada yeganə sual hazırkı liderin 100 faizdən nə qədər itirəcəyidir.

Yenidən seçkiyə qatılmaq qadağasını aradan qaldırmış Rusiya Prezidenti şübhəsiz ki, yenidən qalib gələcək. Amma Putinin gələcəyi rus seçicilərindən daha çox amerikalılardan asılıdır”.

 

 

Britaniya jurnalı daha sonra müharibələrlə bağlı proqnozlarını açıqlayır. Araşdırmada qeyd olunur ki, Ukrayna münaqişəsi davam edəcək: “Aydındır ki, 2023-cü ildə çoxdan gözlənilən əks-hücum uğursuzluğa düçar oldu. Baxmayaraq ki, Rusiya böyük itkilər versə də, Ukrayna ərazisinin təxminən 18 faizini işğal etməkdə davam edir. Putin Qərbin potensialını və əsəblərini tükəndirmək istəyir, optimistlər bu müharibənin Rusiyanın siyasi sistemini məhv edəcəyinə inanırlar, pessimistlər isə Putinin öz siyasətini uzun müddət davam etdirə biləcəyi barədə xəbərdarlıq edirlər”.

“Economist” 2024-cü illə bağlı proqnozlarında Cənubi Qafqazda gedən proseslərə geniş yer ayırıb. Qeyd olunur ki, Cənubi Qafqazda dəyişikliklər mümkündür: “Qısamüddətli müharibə və Azərbayanın Qarabağa nəzarətini bərpa etməsi postosvet məkanında qüvvələr balansını dəyişdirən böyük dəyişikliyin yalnız bir epizodu idi. 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Türkiyəyə Dağlıq Qarabağ ətrafındakı əraziləri geri almasına mane olmadı. Eyni zamanda o, guya Qarabağdakı erməniləri qorumaq, əslində isə öz təsirini saxlamaq üçün Rusiya sülhməramlı qoşunlarını yerləşdirib. Lakin Ukraynaya qarşı müharibənin təsirləri ilə Putin Türkiyə və Azərbaycanla münasibətləri yoxsul, demokratik Ermənistandan üstün tutdu və Azərbaycana Qarabağı Moskvanın himayəsinə arxalanan ermənilərdən təmizləməyə şərait yaratdı”.

 

 

Araşdırmada o da qeyd olunur ki, Rusiya Ermənistanda rejim dəyişikliyinə nail olmaq üçün Qarabağdan getmiş erməniləri manipulyasiya etməyə çalışır. “Putin həmçinin Ermənistandan keçən, Türkiyəni Azərbaycanla birləşdirən dəhlizə nəzarət etməklə yerdə təsirini saxlamağa ümid edir”, – məqalədə əlavə olunur.

“Teh Economist” bu barədə daha sonra yazır: “Mötəbər nəşrlər bildirirlər ki, indi Azərbaycan və Türkiyə regionda bütün kartları əllərinə alıblar və Moskvaya lüzumsuz güzəştlərə getməyə hazırlaşmırlar. Digər tərəfdən, Türkiyə və Azərbaycan tam olaraq Qərbin yanında yer almaq istəmirlər. Ankara və Bakı Qafqazda öz güc bazalarını yaratmaq istəyirlər. Beləliklə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrindən biri orta çəkili dövlətlərin, məsələn, Türkiyənin yüksəlişi, digəri isə postsovet dünyasında Kremlin təsirinin zəifləməsidir”.

Britaniya dərgisi daha sonra Yaxın Şərq böhranına yer ayırır və gələn il ərzində HƏMAS-İsrail münasişəsinin diqqət mərkəzində qalacağını proqnozlaşdırır: “HƏMAS”ın oktyabr hücumu və İsrailin cavab addımları göstərdi ki, dünya artıq fələstinlilərin acınacaqlı vəziyyətinə göz yuma bilməz. Ona görə də bu müharibənin fələstinlilərin həyatını dəyişəcəyi aydındır. Necə olacağını proqnozlaşdırmaq çətindir, lakin son nəticənin necə olacağına təsir edəcək bir neçə vacib amil var:

Birincisi, İsrail müharibəni nə vaxt və hansı şəraitdə bitirəcək? Ordu “HƏMAS”-ın tədricən silahlarını yerə qoyacağını deyir, lakin terror qruplaşmasının on minlərlə döyüşçüsü və daha çox tərəfdarı var. Yəni İsrail uzun sürən partizan müharibəsinə, qəzzalılar isə yerdəyişməyə davam edə bilər.

İkinci mühüm amil müharibə bitdikdən sonra nə baş verəcəyidir: Qəzza zolağına kim nəzarət edəcək və bu nəzarət kimin köməyi ilə olacaq?

 

 

Üçüncüsü, idarəçiliyi korrupsiyaya uğrayan, lakin mövqeləri HƏMAS-dan daha mötədil olan Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın gələcəkdə hansı rolu oynayacağıdır. Optimistlər ümid edirlər ki, qanlı 2023-cü ilin müsbət tərəfləri ola bilər və Fələstin Milli Administrasiyasını gücləndirərək İsraili sülh danışıqlarına getməyə məcbur edə bilər. Lakin bu günlərdə nikbinliyə əsas tapmaq çətindir”.

“The Economist” 2024-cü ilin mümkün təhlükələri və təhdidlərinə də yer ayırıb. Nəşrin analtiklərinin fikrincə, 2024-cü il 1945-ci ildən sonra dünya nizamı üçün ən həlledici il ola bilər.

Qərbin qlobal ÜDM-də payı XIX əsrdən bəri ilk dəfə olaraq 50 faizə düşüb. Hindistan və Türkiyə kimi dövlətlər İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq təsisatların artıq onların maraqlarını əks etdirmədiyini bildirirlər. Çin və Rusiya isə daha da irəli gedib bu sistemi çökdürmək istəyirlər. Amerikanın iqtisadiyyatı hələ də dominant olaraq qalsa da, onun birqütblü liderliyi artıq yoxdur. Birləşmiş Ştatların Avropa və Yaponiyadakı müttəfiqləri nisbi iqtisadi tənəzzüldədir, Respublikaçılar Partiyası isə Amerikanı təcrid etməyə meyllidir”.

Analitikilər hesab edirlər ki, dünyada yeni qeyri-müəyyənlik tendensiyası başlayıb və əgər 90-cı illərdə bir çox ölkələr azadlığa, bazar iqtisadiyyatına və qaydalara əsaslanan qloballaşmaya can atırdısa, indi populizm və təcrid iqtisadiyyatının idarəolunmaz dövrü başlayıb.

Beləliklə, dərgi nəticə etibarı ilə 2024-cü ildə üç əsas təhdid qeyd edib: “Birincisi, qlobal güclərin və qlobal qurumların fəaliyyətsizliyi artan cəzasızlıq meydanı yaradıb. Yaxın Şərqin uğursuz dövlətlərində İranın tərəfdarları artır və 2024-cü ildə bu cəzasızlıq zonasının Afrikaya və Rusiyanın kənarlarına qədər genişlənəcəyi istisna edilmir.

İkincisi, Şərq ölkələrindən ümumi xüsusiyyətlərinə görə fərqlənən, lakin onlarla bir məsələdə razılaşan Çin, İran və Rusiyadan ibarət narahatedici üçlüyü gücləndirir: onlar Amerikanın liderliyini sarsıtmaq, mövcud və ya potensial sanksiyalardan yayınmaq istəyirlər. 2024-cü ildə dünya bu üçlüyün nə qədər irəli gedə biləcəyini görəcək.

Sonuncu, üçüncü təhlükə Qərb demokratiyalarının kövrəkliyidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinə reaksiya ümidverici oldu, Amerika və Avropa birləşdi, amma indi müharibə dalana dirəndiyi üçün birlik o qədər də güclü deyil. Amerikada respublikaçılar Ukraynanın maliyyələşdirilməsində razılaşmırlar, Avropada isə Macarıstan kimi ölkələr buna mane olur. İsrailin Qəzzaya hücumu bu birliyi daha da parçaladı, digər tərəfdən yaxın gələcəkdə yeni fikir ayrılıqları yarana bilər. Məsələn, Tayvanın müdafiəsi uğrunda mübarizə aparmaq qərarına gələndə Avropa Birləşmiş Ştatların tərkibinə qatılacaqmı? Bu fonda ən vacib məsələ Amerikada prezident seçkilərinin necə nəticələnəcəyidir. Ağ Evə təcridçi prezident gəlsə, Avropa təbii ki, Ukrayna uğrunda mübarizəni davam etdirəcək, lakin lazımi yardımı təmin etmək çətin olacaq. Asiyada isə Çini təqlid etməyə və öz hərbi imkanlarını gücləndirməyə başlayacaqlar. Söhbət Cənubi Koreya və Səudiyyə Ərəbistanı kimi ölkələrin nüvə dövləti olmaq istəyindən gedir”.

“The Economist” analitikləri hesab edirlər ki, Amerika seçiciləri beynəlmiləlçi lider seçərsə, dünyanın əksər hissəsi rahat nəfəs ala bilər, lakin bu mümkün olsa belə, Vaşinqtonun beynəlxalq təhlükəsizliyi və ticarəti sabitləşdirmək üçün çox işi olacaq. “Avropanın daha da genişlənməsi, Hindistanla əməkdaşlığın dərinləşdirilməsi, Yaxın Şərqdə iki dövlətin – İsrail və Fələstinin yaradılması görüləcək işlərdən birincisidir. O zaman bəlkə də tarixçilər bir gün 2025-ci ildən sonra qurulan yeni dünya düzənindən danışacaqlar”, deyə – Britaniya nəşri təhlilini yekunlaşdırır.(AzPolitika.info)

Related Articles

Bir cavab yazın

Back to top button