Azərbaycanİran

Təbriz orta əsrlərdə – Əfşar dövrü

Əfqanıstandan gələn Gilzailərin İranı işğal edib bir müddət ölkədə hakim olması ilə həyatları daha da çətinləşən İran türkləri Nadir şahın hakimiyyəti dövründə bir qədər rahat nəfəs almaq imkanı qazandılar

Nadir şah (1688-1747) Quzey Xorasana yerləşmiş Əfşar türkmənlərinin Qırxlı oymağındandır. O, Osmanlılara və ruslara verilən Təbriz, Ərdəbil, Xoy, Gəncə, Bakı və Dərbənd şəhərlərini geri almışdır.

Nadir şah 21 mart 1736-cı ildə Əfşar sülaləsinin ilk şahı olaraq taxta çıxmışdır. Bir neçə il içərisində Hindistan səfərini müvəffəqiyyətlə tamamlamış və Dehlini də öz ölkəsinə daxil etmiş, paytaxtı isə İsfahandan Məşhədə köçürmüşdür.

Nadir şahın Osmanlı sultanı I Mahmuda öz əl yazısı ilə türkcə yazdığı məktublarda osmanlılarla eyni soydan, eyni ailədən gəldiklərini və hər ikisinin də türkmən olduqlarını yazması, ayrıca oğullarına Çingiz, Oqtay, Teymur və Ulduz kimi türklüyün möhtəşəmliyini xatırladan adlar verməsi onun necə bir türklük şüuruna sahib olduğunu göstərir. Nadir şah iki türk qövmü arasındakı şiə-sünnü ixtilaflarını aradan qaldırmağa çalışaraq gələcəkdə birliyinin yaranmasına çalışması da tarixən əhəmiyyətli hadisədir.

Nadir şah gəncliyi macəralarla keçən və türk dünyasına tarixin son dastanlarından birini yaşadan sonuncu cahangir adlandırıla biləcək ulu xaqanlardan biridir. 1747-ci il iyunun 21-də ona qarşı sui-qəsd təşkil edildiyini başa düşüb qaçmaq istəyən Nadir şahın əfşarların boy bəyləri tərəfindən saray çevrilişi nəticəsində öldürülməsi dövlətdə qeyri-sabitlik və qarışıqlıq yaratdı.

Nadir şaha qalib gələ bilməyən ruslar onun öldürülməsi ilə rahat nəfəs aldılar. Nadir şah dövlətinin bütün Azərbaycan bölgəsi üzərindəki hakimiyyəti sona çatdı və yerli güclər müxtəlif xanlıqlara bölündülər. Bir-biri ilə düşmən olan türk xanlıqları rusların irəliləməsini dayandıra bilmədilər.

Bunu fürsət bilən ruslar Xəzər dənizindəki İran-türk donanmasını aradan qaldırdılar və Rus donanmasını yeni döyüş gəmiləri ilə gücləndirdilər. Qafqazda Quba, Dərbənd, Şamaxı, Bakı, Qarabağ, Gəncə, Qazax, İrəvan, Naxçıvan, Şəki, güneydə isə Qaradağ, Ərdəbil, Təbriz, Urmiya, Marağa və Maku kimi bir çox xanlıqlar ortaya çıxmışdır.

Bu qarışıqlıq dövründə Bağdad və Ərzurum valiləri Osmanlının paytaxtı İstanbula məktub göndərərək sərəskər təyin edilsə, İranın sürətlə ələ keçirilə biləcəyini xəbər verirdilər. Ancaq Sultan Mahmud Nadir şah ilə imzaladığı müqaviləyə sadiq qaldı. Hətta Təbriz valisi Rza xan Osmanlı hökumətinə müraciət edərək Azərbaycanda müstəqil bir idarənin təsisi üçün bir şahzadə istəyir. Ancaq Osmanlı sultanı bu fürsətdən faydalanmaq istəmir. Nəticədə Azərbaycan xanlıqları bir-bir Rusiya və Osmanlı hakimiyyətinə daxil olmaq məcburiyyətində qaldılar.

Related Articles

Bir cavab yazın

Back to top button