İran

İranın Türkiyəyə münasibəti məclisdə yaranan gərginliklər fonunda

Xəbər verdiyimiz kimi, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən Zəfər rejəsində çıxışı zamanı xalq şairi Bəxtiyar Vahabzadə və Əhməd Cavadın şeirindən nümunə gətirib. Bu hal İranda siyasi gərginliyə səbəb olub. Türkiyə liderinin səsləndirdiyi ikiyə bölünən Azərbaycan millətinin həsrətini ifadə edən şeirin misraları İranda düşmənlik nişanəsi olaraq qələmə verildi. Bu olaydan sonra İran, o cümlədən farsdilli medialar Türkiyə və Ərdoğana qarşı son dərəcə ağır ifadələr işlətdilər. İranda belə demək mümkünsə, Türkiyə və onun prezidentinə qarşı çıxışlar etməyən, onların əleyhinə danışmayan qalmadı. Bu mövzu ilə bağlı yazılar və karikaturlar bütün media və qəzetlərin başlığına çevrildi.
Sözsüz ki, bütün bu addımların yalnız bir hədəfi var idi – Güney Azərbaycan. Təbriz və Tehranda Sipaha bağlı Bəsic qüvvəsi Türkiyəyə qarşı mitinq düzənlədi. Bu azmış kimi, Rəcəb Tayyib Ərdoğana qarşı da şüarlar hazırlandı. Özəlliklə Təbrizdə bəsicilərin az sayda olmaları diqqət mərkəzindən yayınmadı.
Bu olaylar İran məclisinədək gəlib çatdı. İran məclisində 225 millət vəkili Türkiyəyə qarşı bir bəyaniyyə imzaladı. Məclisdə Türkiyə əleyhinə çıxışları ilə yadda qalan Əhmədi Biğəş bu dəfə Azərbaycana qarşı fikirlər səsləndirməkdən çəkinmədi. O, Azərbaycan Cümhuriyyətinin millət vəkillərini Türkiyənin atdığı bu addım qarşısında səssiz qalmaqda ittiham etdi. Bundan sonra Əli Xamenei tərəfdarları olan millət vəkilləri də etirazlara başladılar.
Ancaq bütün bu olaylarda cəmiyyətdə tərəfsiz bir rəyin təşkil olunduğunu sübut edən vətəndaş fikrinə rast gəlinmədi. Əhali baş verən olayın iştirakçısı olmaqdan yayındı. Azərbaycan xalqı isə qardaş Türkiyənin bu mövqeyini böyük qürur hissi ilə qarşıladı. Xalq sosial mediada yüksək fəallıq nümayiş etdirərək İran məsulları və fars milliyyətçilərinin ittihamlarına layiqli cavab verdi. Bu hadisə bir daha göstərdi ki, İran diplomatiyası əfsuslar olsun ki, hələ də fars milliyyətçiliyinin təsirindən qurtula bilməyib.
Bəlli məsələdir ki, İran toplumunda etnik məsələlərə nə dərəcədə həssas yanaşıldığını görmək elə də çətin deyil. İranda hakimiyyət istənilən vasitələrlə daxili iğtişaş yaratmağa, millətlərarası etnik münaqişə törətməyə çalışır. Bu gün isə illər uzunu hökm sürən fars milliyyətçiliyi özünü ifrat şəkildə göstərməkdədir. Son olaylarda Türkiyəyə olan münasibət isə qardaş ölkələr arasında ədavət yaratmağa, türklərin həssaslığından istifadə edərək Sipahda öz amacına yiyələnməyə hesablanıb. Bu mənada İranda baş qaldıran gərginlik gərəksiz bir addım olaraq qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button