Azərbaycan

Təbriz İES-da yenidən mazutdan istifadəyə başlanılması etirazlar səbəb olub

Bu barədə təbrizli millət vəkili məlumat yayıb.

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad istilik elektrik stansiyasında yenidən mazutdan istifadəyə başlanılması barədə məlumat yayıb.

“Bundan öncə dəfələrlə neft nazirinə suallar göndərdikdən və Milli Qaz Şirkəti qarşısında məsələ qaldırdıqdan sonra Təbrizin İES-da mazutdan istifadə dayandırılmışdı. Son günlər havanın şaxtalı keçməsi və maye qaz təminatında yaranan çatışmazlıq səbəbindən mazutdan istifadəyə başlanılıb”-deyə, millət vəkili bildirib.

Ruhullah Mütəfəkkir Azad yenidən mazutdan istifadəyə başlanılmasını əsaslandırmağa çalışmasına baxmayaraq, ətraf mühit fəalları buna etiraz ediblər.

Onlar bir neçə gün fasilədən sonra son iki gündə Təbrizdə hava çirkliliyi göstəricisinin yenidən yüksəldiyini və həssas yaş qrupları üçün təhlükəli həddə çatdığını yazıblar.

Bir neçə gün bundan öncə ətraf mühit fəalları Şərqi Azərbaycan əyalətinin Davamlı İnkişaf Evi, İnsan Hüquqları və vətəndaşlıq komissiyasında çalışan hüquqşünasların dəstəyi ilə Təbriz İstilik Elektrik Stansiyasının müdiri və Şərqi Azərbaycan Enerji İstehsalat Şirkətinin İdarə Heyətinin üzvlərini məhkəməyə veriblər.

Fəallar və hüquqşünaslar ətraf mühiti çirkləndirən adıçəkilən qurumların rəhbərliyindən qanuni səlahiyyətlərini yerinə yetirmələrini tələb edib.

Qeyd edək ki, son aylar Təbrizdə havanın çirklilik səviyyəsinin artması üzündən dəfələrlə məktəblərdə dərslər dayandırılıb.

Ətraf mühit fəalları hesab edir ki, hava çirkliliyinin əsas səbəbi istilik elektrik stansiyasında (İES) mazutdan istifadə edilməsidir.

Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsinə və mazutdan istifadənin davam etdirilməsinə görə hökuməti kəskin tənqid edib.

“Şəhərin havasının çirkləndirilməsində əsas rolu Təbrizin neft-kimya zavodu və istilik elektrik stansiyası oynayırlar.

Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button