İran

Abdullahian: “Amerika ilə birbaşa danışıqlar hökumətə ağır bədəllər ödədəcək”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Amerika ilə hər cür birbaşa müzakirə və ya zəmanət İbrahim Rəisi hökumətinə ağır bədəllər ödədəcə

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Amerika ilə hər cür birbaşa müzakirə və ya zəmanət İbrahim Rəisi hökumətinə ağır bədəllər ödədəcək.

“Aznews tv” xəbər verir ki, o, bu sözləri İngiltərənin “Financial Times” qəzeti ilə müsahibəsində deyib.

Abdullahian əlavə edib ki, güvəniləcək zəmanətlərlə yaxşı anlaşma əldə etməklə bağlı aydın və ümidverici perspektiv olmayana qədər İran İslam Cümhuriyyəti Amerika ilə birbaşa danışıqlara getməyəcək.

O, zəmanətlə bağlı bildirib ki, rəsmi Tehran Amerika Konqresinin və ya Konqres sədrinin ölkələrinin atom anlaşmasına qayıtması və öhdəliklərinə riayət edəcəyi ilə bağlı bəyanat səsləndirmələrini istəyir. Abdullahian əlavə edib ki, bu məsələni Amerika tərəfinə təklif etməyi müzakirələrdə iştirak edən İran nümayəndə heyətinin diqqətinə çatdırıb.

Qeyd edək ki, Abdullahian bir neçə həftə öncə də ölkəsinin Amerika ilə birbaşa danışıqlar apara biləcəyi ehtimalını dilə gətirmişdi. Lakin onun bu sözləri İranda siyasi cinahlar arasında birmənalı qarşılanmamışdı.

İranın “ali rəhbəri” ayətullah Əli Xamenei dəfələrlə Amerika ilə birbaşa danışıqlarla bağlı mənfi mövqe nümayiş etdirib. Həm də hazırki İbrahim Rəisi hökuməti və onun tərəfdarları keçmiş Həsən Ruhani hökumətini daim “Amerikaya etimad etməsi” və “Amerika ilə birbaşa müzakirə aparmağa cəhd göstərməsi” səbəbindən tənqid edirlər. Hazırda isə Rəisi hökumətinin Vaşinqtonla birbaşa danışıqlar aparmaq istəyi həm onun tərəfdarları, həm də bəzi müxalifləri tərəfindən tənqid olunur.

Mütəxəssislər bunu böyük iqtisadi vədlərlə hakimiyyətə gələn İbrahim Rəisi dövründə ölkədə iqtisadi vəziyyətin daha da ağırlaşması, bundan çıxış yolunun olmaması və onun hökumətinin son ümidi sanksiyaların aradan qaldırılmasında görməsi ilə əlaqələndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button