Dünya

ABŞ institutu: “Rusiya Xerson vilayətindən çəkilməyə hazırlaşır”

“Ukraynanın Xerson vilayətinin qərb hissəsindəki Rusiya hərbçiləri Xarkov yaxınlığında müdafiənin süqutuna xarakterik olan xaotik geri çəkilmənin qarşısını almaq üçün idarə olunan geri çəkilmə ilə daha qorunan mövqelərə yerləşməyə çalışır”.

Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın bir neçə bölməsi cəbhə xəttinin bəzi hissələrində məğlub olaraq ukraynalılara Xerson vilayətində irəliləməyə imkan verib.

Analitiklərin fikrincə, Ukrayna qüvvələri Rusiyanın quru xətlərini bağlamağa və hücumlarını davam etdirsələr, yaxın həftələrdə Xerson vilayətinin qərb hissəsinin hamısını olmasa da, böyük hissəsini geri alacaqlar.

Eyni zamanda vurğulanıb ki, ötən həftə Rusiya komandanlığı Donbasda yerləşən bütün bölmələrə “geri çəkilməmək” əmri verib və onlardan vəziyyətin inkişafından asılı olmayaraq öz mövqelərini saxlamağı tələb edib.

İnstitutdan qeyd edilib ki, belə bir əmr Rusiyanın Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin sürətli əks-hücumunu istisna etmədiyini, həmçinin bu istiqamətdə öz bölmələrinin döyüş qabiliyyətinə inanmadığını göstərir.

Bundan başqa, təhlilçilərin gəldiyi qənaətə görə, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin quru qoşunlarının zədələnmiş və ya məhv edilmiş adi hissələrini bərpa etmək cəhdlərindən daha çox nizamsız, zəif təlim keçmiş könüllülər və muzdlu döyüşçülərə arxalanır.

Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.

Son 3 ayda Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumu nəticəsində vilayətin bir neçə yaşayış məntəqəsi işğaldan azad olunub, ukraynalı hərbçilər vilayətin mərkəzinə yaxınlaşıblar.

Related Articles

Bir cavab yazın

Back to top button