Dünyaİran

ABŞ Iran qarşısında geri çəkilir? – Rəsmi bəyanat

Pentaqon Səudiyyə Ərəbistanına görə müharibəyə hazır deyil
“Reuters” agentliyinin xəbərində deyilir ki, ABŞ-ın maliyyə naziri, 54 yaşlı Stiven Mnuçin bəyan edib ki, ABŞ qoşunları Səudiyyə Ərəbistanında yalnız müdafiə amacı ilə yer alıb. Rəsmi Tehran lazımi şərtləri yerinə yetirdikdən sonra ABŞ İrana qarşı bütün sanksiyaları aradan qaldıracaq.

Amerikalı nazir Doha Forumunda iştirak edib və konfransda çıxışı zamanı qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumları dünya iqtisadiyyatına hücum kimi dəyərləndirir. Rəsmi Tehranın inkar etməsinə baxmayaraq, Amerika bu hücumun arxasında İranın yer almasına əmindir.

Xatırladaq ki, 2019-cü ilin sentyabrında İranın Yəməndə dəstək verdiyi silahlı hüsi birləşmələri Səudiyyə Ərəbistanının neft yataqları ilə zəngin olan ərazilərini raket atəşinə tutdu. Nəticədə, irimiqyaslı yanğınlar baş verdi. O vaxt Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman dünyanın İrana qarşı sərt addım atmadığı halda neftin qiymətinin “ağlasığmaz dərəcədə yüksək rəqəmlərə çatacağını” bəyan etdi. Şahzadə onu da vurğuladı ki, Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə olarsa, bu, qlobal iqtisadiyyatı məhv edə bilər.

Səudiyyə Ərəbistanı neft obyektlərinə qarşı raket və dron hücumlarının arxasında İranın olduğunu iddia edir. ABŞ və Avropa Birliyi də bu hücuma görə İranı suçlu bilir. Bütün gösləntilərə rəğmən həmin hücuma görə ABŞ Irana qarşı hər hansı hərbi addım atmadı. Bu isə Səudiyyə Ərəbistanı başda olmaqla bütün körfəz ölkələrini ciddi şəkildə narahat etdi. Amerikanın özündə də İrana qarşı heç bir tədbir görülməməsi Tramp administrasiyasını sərt tənqidlərə məruz qoydu.

ABŞ maliyyə naziri Stiven Mnuçin son bəyanatı da göstərir ki, ABŞ İrana təzyiq göstərmək üçün yalnız iqtisadi sanksiyalardan istifadə etmək niyyətindədir. Pentaqon İrana qarşı hərbi əməliyyatlar keçirmək fikrindən çox uzaqdır.

Bu yaxınlarda İranda baş verən kütləvi etirazlar da göstərdi ki, iqtisadi sanksiyalar İranın sürətlə yoxsullaşmasına, xalqın maddi-rifah halının kəskin şəkildə pisləşməsinə səbəb olub. Bu reallıqlar rəsmi Tehranı ABŞ-la anlaşmağa vadar etmək üçün yetərlidirmi? Bu suala əlahəzrət zaman cavab verəcək.

O da bəllidir ki, hazırda İranla Səudiyyə Ərəbistanı arasında Pakistanın baş naziri İmran Xanın vasitəçiliyi ilə yarım-gizli danışıqlar gedir. Heç şübhəsiz ki, bu danışıqların nəticəsi də Yaxın Şərqin gələcəyi üçün xüsusi önəm daşıyacaq.

Related Articles

Bir cavab yazın

Back to top button