Azərbaycan

Azərbaycan Mərkəz Partiyası Xocalı Soyqırımı ilə bağlı bəyanat yayıb

Azərbaycan Mərkəz Partiyası Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün bəyanat yayıb. Məlumatda qanlı faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı amansız cinayət olduğu vurğulanıb. Bəyanatı təqdim edirik:

“Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevriyyənin 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri 366-cı motoatıcı alayın köməyi ilə Xocalı soyqırımını törədib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistanın o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil olunub.
29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır nizami texnika yeridilib, yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlmiləl hüququn norma və prinsiplərinin, habelə əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər dinc azərbaycanlı həyatını itirib. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Erməni vandalları hamilə qadınları da amansız işgəncələrə məruz qoyub. Faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlmiləl sənədlər kobud şəkildə pozulub. Bu soyqırımı aktı zamanı 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın, “Uşaq hüquqları haqqında Konvensiya”nın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın tələbləri kobud şəkildə pozulub.
Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1946-cı il 11 desambr tarixli 96 saylı qətnaməsinə və 1948-ci il 9 desambr tarixli 260 saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”sına əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.
Azərbaycan Mərkəz Partiyası olaraq biz də beynəlmiləl təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət məhkəməsi qarşısında mühakiməsi üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırırıq”.

Related Articles

Bir cavab yazın

Back to top button