Azərbaycanİran

Azərbaycanlı rejissor: “Filmlərimin əsas göstəricisi Türk dilidir”

“Qocalar ölməz” filminin azərbaycanlı yönətməni Riza Camalı ikinci uzunmetrajlı filminin tekniki mərhələdə olduğunu deyib. O, filminin yaxın vaxtlarda beynəlmiləl səviyyədə yayımlanacağını açıqlayıb. Bu barədə yönətmən “azəz-əncümən” saytına verdiyi müsahibəsində bildirib.
Riza Camalı film sahəsindəki fəaliyyətinə Ərdəbilin Gənc filmçəkənlər Dərnəyində başlayıb. Bu müddət ərzində 16 qısametrajlı və 2 uzunmetrajlı film çəkib. Peşəkar fotoqrafi üzrə lisans təhsili alan Riza Camalı bir neçə qısametrajlı filmin senariyo müəllifidir. O, Gənc filmçəkənlər Dərnəyi üçün bir neçə filmin montaj və çəkilişlərini həyata keçirib. O, uzunmetrajlı “Qocalar ölməz” filminin rəğbətlə qarşılandığını, müxtəlif festivallar, eləcə də beynəlmiləl tədbirlərdə nümayiş olunduğu söyləyib. Yönətmən “Qocalar ölməz” filminin marsda Tehran, Təbriz, Ərdəbil, Urmu və Zəngan şəhərlərində ekranlara çıxacağını diqqətə çatdırıb. O, türk dilində film çəkməyə daha çox üstünlük verdiyini və bu dildə filmin gəlişməsinin vacibliyini vurğulayıb.
“Filmlərimin əsas göstəricilərindən biri türk dilidir. Bu dil isə filmlərimin çəkildiyi yerlərin və coğrafiyanın mədəniyyəti ilə sıx bağlıdır. Bu da fikirlərin və qavramların müxatiblər tərəfindən daha tez və yaxşı mənimsənilməsinə səbəb olur”, – deyə Riza Camalı bildirib.
Onun açıqlamasına görə, mədəniyyətin filmin dili ilə fərqli olması, həmin bölgənin dil mədəniyyətinin düzgün təqdim edilməsinə mane olur. Yəni cəmiyyət üçün türk toplumunun təqdimatının qeyri-türk dilində verilməsi, toplumun mədəniyyətinin gözardı edilməsinə gətirib çıxarır. Azərbaycanlı yönətmən bildirib ki, son illər türk filmçəkənlər öz ana dillərinə özəl dəyər verməyə başlayıblar. Onların bir çoxu türkcə film çəkməyə daha çox üstünlük verir.
“Mən neçə illərdir ki, türk dilində film çəkirəm. Bu isə mənim beynəlmiləl səviyyədə daha çox uğur qazanmağıma imkan yaradıb”, – deyə Riza Camalı əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button