Dünyaİran

Bəluçistan hadisələri Tehran hakimiyyətinin aparıcı siyasəti kimi

Sistan və Bəluçistanda baş vermiş son olaylar qısa zamanda İran mətbuatının gündəminə çevrildi. Bəlli olduğu kimi, Sepah qüvvəsinin Pakistana benzin daşınmasına mane olması silahlı toqquşmaya səbəb olub. Olay nəticəsində 10 nəfər həyatını itirib. Kütləvi etirazlara səbəb olan olay ilk olaraq qaçaqmalçılıq kimi qələmə verilsə də, Bəluçistanda bir çox ailənin bu addımı atması hər kəsə bəllidir. Buna səbəb iqtisadi böhranın insanların yaşam şəraitini çətinləşdirməsidir. Bütün bu olanlar sosial problemlərlə bağlı məsələləri də gündəmə gətirdi. Tehran hakimiyyətinin əhaliyə göstərdiyi biganə münasibət bu gün bir çox ailənin qaçaqmalçılığa, dələduzluğa sürüklənməsinə səbəb olub.
Qeyd edək ki, Sistan və Bəluçistanda işsizlik həddi yüzdə 60-a yüksəlib. Özəlliklə gənclər arasında bu göstərici olduqca yüksəkdir. Hər zaman adı məhrumiyyət və imkansızlıqla yanaşı çəkilən Bəluçistanda sakinlərin yeganə çıxış yolu Pakistana qaçaq benzin satışını həyata keçirməkdir. Sepah qüvvəsi isə yalnız müəyyən qism şəxslərin “Rəzzaq” adlı projə ilə benzin daşımasına imkan verir. Yaxın müddətdə Pakistan sınırının 20 kilometrliyində yaşayan şəxslər üçün də müvafiq imkanların yaradılacağı bildirilib. Buna rəğmən, verilən vədlərin yerinə yetirilməməsi sakinlərin haqlı narazılığına səbəb olub. Ötən həftə isə sınırın bağlanması Sepaha qarşı etirazları daha da genişləndirib. Yaşanan ajiotaj yönündə siyasi məqamlar sakinlərin polis bölməsinə daxil olmaq istədiyini dilə gətirib. Baş vermiş silahlı toqquşmada yaxınlarını itirmiş şəxslər etiraz əlaməti olaraq Səravan şəhər fərmandarlığının qarşısında cənazə namazı qılmaq istəyiblər. Polis qüvvələri etirazçıları dağıtmağa çalışıb. Ancaq etirazçıların müqaviməti nəticəsində mitinq iştirakçıları fərmandarlıq binasına daxil ola biliblər. Nəticədə Bəluçistanda internetə giriş məhdudlaşdırılıb.
Baş verən olaylar bir daha onu deməyə əsas verir ki, İranda qeyri-farslara və şiə məzhəbindən olmayanlara qarşı basqılar bu gün də davam etdirilir. İstər hökumət qüvvələri, istərsə də radikal birləşmələr qeyri-farsların etnik təmizlənməsini həyata keçirmək fikrindədir. Beləliklə İran hakimiyyəti siyasi basqıları artırmağa davam edir. Bu dəfə isə Səravanda baş qaldırmış etirazlar fars faşizminin milliyyətçi siyasətini görməyə əsas verir. Misal üçün, fars medialarında bəluçlara qarşı edilən basqı və zorakılıqlarla ilgili hər hansı məlumata rast gəlmək qeyri-mümkündür. Nəyə görə ölkədə lazımi imkanlar kifayət qədər olduğu halda, Bəluçistan sakinləri içməli suya ehtiyac duyur? Bəs bu problemin həlli yolları niyə medialarda işıqlandırılmır? Təəssüf ki, cavabsız qalmış onlarla sual var. Bu gün İran “İslam Cümhuriyyəti” adı altında qeyri-farsların azadlıq səsini boğmağa çalışır. Güney Azərbaycan, Ələhvaz, Kürdistan və qısaca qeyri-farsların yaşadığı onlarla bölgədə Səravanda baş vermiş halların bənzərlərinə təsadüf edilir. Gerçəkliklərin danılması, etirazların zorakılıqla basdırılması və s. qeyri-farsların məruz qaldığı basqıları özündə əks etdirir. Ancaq bir məqamı unutmaq olmaz: Tehran rejiminin basqısı nə qədər şiddətli olursa-olsun, başqa xalqların o basqı ilə mübarizə aparmaq üçün kifayət qədər əzmi və mübarizliyi var.

Related Articles

Bir cavab yazın

Back to top button