Dünya

Blinken Kuleba ilə Rusiyadakı son hadisələr barədə danışıb

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyada baş verənləri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Söhbət zamanı Blinken ukraynalı həmkarına Vaşinqtonun Kiyevə dəstəyinin dəyişməyəcəyini təsdiqləyib. Qeyd olunur ki, ABŞ vəziyyətin inkişafı ilə bağlı Ukrayna ilə sıx koordinasiyada qalacaq.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden fransalı həmkarı Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Rişi Sunakla Rusiyadakı son hadisələr barədə danışıb.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button