
Elcanın atası bildirib ki, Ərdəbil Səbt-əhval İdarəsinin türk adına kimlik sənədi verməməsi oğlunun sənədsiz və tibbi xidmətlərdən məhrum qalmasına səbəb olub.
Ərdəbil əyalətinin Germi şəhərindən Olan Məhərrəm Qasimi özünün “İnstaqram” hesabında etdiyi paylaşımda oğluna türkcə Elcan adı seçdiyi üçün Səbt-əhval İdarəsindən ona kimlik sənədi verilmədiyi barədə yazıb.
Məhərrəm Qasimi qeyd edib ki, Ərdəbil əyaləti və Germi şəhər Səbt-Əhval İdarələrinin türk adına kimlik sənədi verməkdən boyun qaçırmasından sonra, o yeni müraciət hazırlayaraq adı çəkilən qurumlarla yanaşı, Germi şəhər Fərmandarlığına göndərib.
Ancaq bu günə kimi müraciətinə cavab verilməyib və oğlu sənədsiz qalıb.
Xatırladaq ki, son aylar Güney Azərbaycanda Ayıl, Anar, Sevgi, Onur, Atakan, Can, Oğuz və başqa uşaqların valideynləri övladlarına türkcə ad seçdikləri üçün Səbt-əhval İdarələrindən onlara kimlik bəlgəsi ala bilmədiklərini bildiriblər.
“Bu adlar İdarənin adlar listəsində yoxdur”-deyən məsul şəxslər bu adların verilməsindən imtina edirlər.