az

İlham Əliyev Paşinyana: Bəsdi yalan danışdın! Nə pakistanlı xüsusi təyinatlılar?!

Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsində Pakistandan olan xüsusi təyinatlıların iştirakı ilə bağlı açıqlamasına da münasibət bildirib.

İ.Əliyev deyib: “Bu, Paşinyanın növbəti yalanıdır. Onu da deməliyəm ki, Ermənistanın əvvəlki prezidentləri ilə mənim ünsiyyətim zamanı buna oxşar heç bir hal olmayıb. Bəli, biz düşmənlərik, biz bir-birimizə qarşı müsbət əhvalda ola bilmərik, lakin danışıqlar masası arxasında heç vaxt belə ağ yalan olmayıb. Sadəcə, belə insunasiyalar da olmayıb. Bunlar hamısı yalandır. Burada Türkiyənin heç bir xüsusi təyinatlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur.

İndi onun ağzı o qədər qızışıb ki, guya hansısa pakistanlı xüsusi təyinatlılar var. Yeri gəlmişkən, buna görə məncə, etiraz notası da alıb. Bu, cəfəngiyatdır, belə şey yoxdur. Bu, əvvələn, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. Guya döyüş meydanında vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyat danışır.

Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan gətirdiyi terrorçular Rusiya ərazisinə soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu ki, tamamilə cəfəngiyatdır. Rusiyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yəqin ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistana məxsus Su-25 təyyarəsini vurub. Hamı bilir ki, bu, yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyirlər. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistan atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur. Axı, o, yalan deyir. Bu dəhşətli dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə, xarici diplomatlar birbaşa dağıntılar yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistan deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərbə endirmişik? Yalançılığın, ən başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi?

Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları gətirmişik. Ondan nə desəniz gözləmək olar”.

Azərbaycan lideri Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna da münasibət bildirib: “Nizamlamada Türkiyənin rolunu görürük, səmərəli roldur. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə, bu da hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button