Azərbaycanİran

İnsanları “ovlayan” əxlaq polisi: “İran ölkədə Taliban idarə üsulu yaratmağa çalışır” – Elyar Kamrani

Xəbər verdiyimiz kimi, İranda davam edən etiraz aksiyaları fonunda əxlaq polisi ləğv edilir.

Metbuat.az xəbər verir ki, bunu İran baş prokuroru Məhəmməd Cəfər Montazeri bildirib. İranda məhz əxlaq polisi tərəfindən Məhsa Aminin həbs edilməsi və qəfil ölümündən sonra etiraz dalğası başlayıb.

Hökumətin əxlaq polisini ləğv etmək qərarına gəlməsinin etirazların sona çatması demək olmadığını deyən araşdırmaçı jurnalist Elyar Kamrani Metbuat.az-a bildirdi ki, elə bu orqanın yaradılmasında əsas məqsədlərdən biri də gəncləri Avropa təfəkküründən uzaqlaşdırıb, qərbə meyilli olmağının qarşısını almaq idi:

Elyar Kamrani

“İranda əxlaq polisi hicri təqviminə əsasən 1386-ci ildə yaradılıb. Onlar qurulduğu gündən etibarən qadınların geyiminə qarışaraq hicabsız gəzənləri izləyib təhqir edir, əziyyət verir, onlara əxlaqsız damğası vururdular. Əxlaq polisinin əxlaqa zidd olan hərəkətləri haqqında İran məhkəmələrində şikayətlər qabardıqca müvəqqəti tədbirlər görülsə də, hakimiyyət hər zaman bu orqanın fəaliyyətinə dəstək ifadə etmişdi. Qeyd edim ki, əxlaq polisinin yaranması da Əli Xameneinin şəxsi fikrləri əsasında baş vermişdi. Vəziyyət o həddə çatmışdı ki, əxlaq polisi gəlib, insanların şəxsi həyatına qədər qarışacaq gücə yüksəlmişdi. Onlar park və xiyabanlarda, küçələrdə gəzən xanımlara, gənc oğlanlara qadağa qoyur, cərimə edir, bəzən də həbs edəcək qədər qərarlar qəbul edirdilər. Bu gün İranda uzun müddətdir davam edən etirazların əsas səbəbi də məhz əxlaq polisinin özbaşnalıqlarıdır. Hazırda etirazları nəzarət altına almaqdan ötrü orqanın bütün fəaliyyəti dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır”.

Elyar Kamrani deyir ki, inqilabdan 43 il keçsə də, İranın molla rejimi yaratdıqları qanunlarla bütün sahələrdə insanların həyatlarına nəzarət edir, onların qərarlarına təsir edirlər. Əxlaq polisinin nəyinki əhalinin şəxsi həyatına, həmçinin iqtisadi və siyasi sistemə də müdaxilə edəcək gücdə olduğunu qeyd edən ekspert vurğuladı ki, dünyanın inkişaf etməsinə baxmayaraq İran ölkədə Taliban idarə üsulu yaratmağa çalışır.

“Hazırda əxlaq polisinin bütünlüklə fəaliyyətinin dayandırıldığı deyilsə də, əslində, məqsəd başqadır. Hesab edirəm ki, bu, rejimin yeni planıdır. Onlar etirazlara nəzarət etmək istəyirlər. Bununla da İranda demokratiyanın olduğuna işarə edəcəklər. Yarandığı gündən bu orqana İran hakimiyyəti tərəfindən çox yüksək məbləğdə maliyyə ayrılır. Məqsəd yalnız rejimə tabe olmayıb, haqq və hüquqlarını tələb edənlərin boynunu əyib, onlara əziyyət verməkdir. Onları sanki rəhbərlik etmək üçün deyil, insanları ovlamaq üçün göndərirlər. Bununla yanaşı İranda bir çox nüfuzlu siyasi fəal və media nümayəndələri də, əxlaq polisinin tamamilə ləğv ediləcəyinə inanmadıqlarını, sadəcə onun formasının dəyişə biləcəyini və İslam Respublikası durduqca belə qurumların da mövcud olacağını bildirirlər”.

Qeyd edək ki, İranın baş prokuroru Məhəmməd Cəfər dekabrın 3-də əxlaq polisinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və keçmişdə yaradıldığı mənbədən bağlanıb. Məhəmməd Cəfər Muntəziri son etirazlarlə bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda əxlaq polisinin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında deyib: “Əlbəttə, hüquq mühafizə irqanları cəmiyyətin davranışına nəzarət edir.” İranın dini mərkəzlərinə bağlı ərəb dilli Əlaləm” saytı baş prokurorun çıxışının əxlaq polisinin ləğv edildiyi anlamına gəlmədiyini və bundan sonra onun hüquq mühafizə orqanlarının tərkibində fəaliyyət göstərəcəyi ehtimalını yazıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Related Articles

Bir cavab yazın

Back to top button