İran Nüvə Enerjisi Təşkilatının sözçüsü Behruz kamalvənd avqustun 1-i gecə verdiyi açıqlamada İranın uranın zənginləşdirilməsi üçün yüzlərlə yeni sentrifuqanı işə saldığını deyib.
“Bu axşam bizə yüzlərlə sentrifuqa aparatını işə salmaq əmri verildi və bu maşınlar artıq quraşdırılıb, amma bu gün onlar qazlaşdırılacaq”-deyə, o bildirib.
Onun sözlərinə görə, bu sentrifuqalara müxtəlif növlər, o cümlədən beş yüz qabaqcıl IR6 sentrifuqa daxildir.
Nüvə sazişinə əsasən, İrana qabaqcıl IR6 sentrifuqalarından istifadə etməyə icazə verilmir və köhnə nəsil sentrifuqaların sayı müəyyən edilmiş saydan çox olmamalıdır.
Lakin Amerikanın nüvə danışıqlarından çıxmasından sonra İran ayrı-ayrı addımlarla bu sazişdəki öhdəliklərindən imtina edib.
Təxminən bir ay əvvəl “Reuters” xəbər vermişdi ki, Beynəlxalq Atom Enerjisi Agentliyi öz üzvlərinə təqdim etdiyi məxfi hesabatda İranın Fərdo yeraltı bazasında qabaqcıl IR-6 sentrifuqalarını quraşdırdığını və işlətdiyini elan edib.
Nüvə mütəxəssisləri artıq bildiriblər ki, İranın altıncı nəsil sentrifuqalarının kaskadları tənzimlənə və zənginləşdirmənin istənilən konsentrasiyası asanlıqla müəyyən edilə bilər.
Son həftələr İranın bir sıra rəsmiləri, o cümlədən Kamal Xərazi, Məhəmmədcavad Laricani və Atom Enerjisi Təşkilatının rəhbəri Tehranın atom bombası yaratmaq qabiliyyətinə malik olması barədə xəbərdarlıq edib, ancaq belə bir niyyətlərinin olmadığını iddia ediblər.