İran

İranda 25 yaşlı gənc edam edilib

O, adam öldürməkdə ittiham olunmuşdu.

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, martın 3-də Ələhvaz əyalətinin Dezful şəhər zindanında saxlanılan 25 yaşlı gənc dar ağacından asılaraq edam edilib.

Firuz Bəhrami Astərəki adlı məhkum bundan 6 il öncə polis bölməsinin rəisi Abbas Nadirini öldürməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi.

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyası edam hökmünü icrasl barədə Bəhraminin ailəsinə xəbər verilmədiyini, onun komandirin ölümündə əli olmadığını yazıb.

Qurumun məlumatına görə, 2015-ci ildə Nadəli Fərhadi adlı şəxslə polis əməkdaşları arasında baş verən qarşıdurma zamanı komandir öldürülüb.

Qarşıdurmada yaralanan hücumçu Nadəli Fərhadi isə hadisə yerindən qaçaraq bir müddət sonra başqa bir qarşıdurma zamanı həyatını itirib.

Məlumatda Firuz Bəhrami Astərəkinin günahsız olduğu, ağır işgəncələr altında ondan məcburi etiraf alındığı və 6 il müddətinə ailə üzvləri və yaxınları ilə görüşünə icazə verilmədiyi qeyd olunub.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının fevral ayına olan hesabatında son bir ayda İranda 23 məhkumun edam edildiyi yazılıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi.

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Related Articles

Bir cavab yazın

Back to top button