İran

İranda bəhai fəalın talei barədə məlumat verilmir

O, qeyri-müəyyən vəziyyətdə saxlanılır.

İran İnsan Haqları Təşkilatı Tehranda saxlanılan bəhai fəal Səidə Xuzuinin talei barədə məlumat verilmədiyi və onun qeyri-müəyyən şərayitdə saxlanıldığı barədə məlumat yayıb.

“21 gündür saxlanılaraq naməlum yerə aparılan Səidə Xuzui barədə dəqiq məlumat verilmir və Evin zindanının məsulları onun barəsində məlumatsız olduqlarını deyirlər”-deyə, məlumatda bildirilib.

Səidə Xuzui bundan öncə 21 aprel tarixində Tehran şəhərinin prokurorluğuna çağrıldıqdan sonra saxlanılıb və onun hara aparılması barədə dəqiq məlumat verilməyib.

Xuzuinin saxlanılmasından bir neçə gün öncə onun oğlu Ərsalan Xuzui və gəlini Səmira Səmira İbrahimi həbs olunublar və barələrində “hökumətə qarşı təbliğat”, “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq və toplanmaq” ittihamları irəli sürülüb.

Səidə Xuzui tanınmış rejissor Bəhram Beyzayinin bacısı qızıdır və bir sıra filmlərdə rejissor köməkçisi kimi iştirak edib.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button