Araşdırma & Təhlilİran

İranda fəallara qarşı amansız münasibət

12 fərvərdin İranda İslam Cümhuriyyəti günü kimi qeyd olunur. 1358-ci ildə keçirilən referendumun nəticəsində İslam Cümhuriyyəti adlı siyasi rejim rəsmiyyətə tanınır. Beləliklə, İran 42 il bundan öncə səltənət sistemindən cümhuriyyət sisteminə keçid etdi. Ancaq bu sistem İrana məxsus bir rejim kimi formalaşaraq, İslam Cümhuriyyəti adlandırıldı. Ölkədə məclisin fəaliyyət göstərməsinə rəğmən, İslam şəriətinə əsaslanan bir fikrin formalaşması ilə Vilayəti Fəqih məsələsi ətrafında bir rejim formalaşır.
Məlumdur ki, İslam inqilabı azadlıq və ədalət şüarları fonunda böyük bir xalq hərəkatı kimi baş qaldırdı. Özəlliklə türklər əsas təməl haqları üçün mübarizəyə qoşuldular. Bu səbəbdən də İran İslam İnqilabını Güney Azərbaycan millətinin tarixi mübarizəsini əks etdirən şah əsər adlandırmaq olar. Ancaq bu gün siyasi məkan tamamilə dəyişib. Ölkədə səsvermə hüququnun gözardı edilməsi, basqı siyasətinin işə salınması mövcud durumun qətiləşməsinə gətirib çıxardı. Bütün bu çətinliklərlə müşayiət olunan rejimə qarşı mübarizədə isə türklər üstünlük təşkil edirdi. İran-İraq savaşı illərində minlərlə qurban verən türklər fədakarlığa növbə çatdıqda hamıdan öncə böyük əzmkarlıq nümayiş etdirdilər. Ölkədə hüquq və azadlıqlar uğrunda ucalan etiraz səsləri hakimiyyətin ağır basqısı altında susduruldu. Əfsuslar olsun ki, hüquqları üçün haqlı etiraz edən şəxslərin hər biri amansız münasibətə və basqıya məruz qalır.
Bu şəxslərdən biri də azərbaycanlı fəal Əliriza Fərşidir. Mərənddə anadan olan fəalın atası İslami İnqilabın ilk aylarından “Sepah” qüvvəsinə qoşulub. İraq savaşı başladıqdan sonra cəbhələrə gedən Əliriza Fərşinin atası Bəhmən Fərşi 1363-cü ildə həyatını itirir. Onun cənazəsi isə yalnız 10 il sonra aidiyyəti şəxslərə təhvil verilir. Əliriza Fərşi Tehran və Şərifdə Bilgisayar Mühəndisliyi üzrə təhsil alır. O, gənc yaşlarından etibarən fars faşizminin zülmlərinə etiraz etməyə başlayır. Əliriza Fərşi ana dilində təhsil almaq hüququnun təminatı üçün çox çaba sərf edir. Dəfələrlə həbs cəzasına məhkum edilir. Xatırladaq ki, fəal Dünya Ana Dili Gününün rəsmi şəkildə keçirilməsi üçün ölkə vəzirliyinə müraciət edir. Bu məqsədlə fəal məktub yazaraq imza topladığı üçün tutuqlanır. Bununla da onun barəsində 2 il həbs, 2 il isə Xuzistana sürgün cəzası çıxarılır. O, dəfələrlə məruz qaldığı basqılara rəğmən, öz mübarizəsindən çəkinmir. Fərşi “Kəndimiz” adlı vəqf yaradaraq, Azərbaycan əyalətlərini kəndbəkənd gəzərək uşaqlara ana dilində kitablar paylayır. O, bütün əzmkarlığı ilə ana dilini gələcək nəslə tanıtdırmağa və sevdirməyə çalışır. Fəal 1398-ci ildən bəri Tehranda həbsdə saxlanılır. İran rejiminin qeyri-qanuni addımlarının növbəti mərhələsi isə Əliriza Fərşinin məhkəməsi zamanı qeydə alınır. Belə ki, fəal barəsində yeni hökmün çıxarılması üçün məhkəmə iclası keçirilir. Bu barədə öncədən xəbərdarlıq edilmədiyi üçün fəalın vəkili belə toplantıda iştirak edə bilmir. Nəticədə məhkəmə toplantısında Əliriza Fərşiyə 50 ay azadlıqdan məhrumetmə cəzası oxunur. Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb. İran İslam cümhuriyyətinin bu amansız siyasəti artıq 40 ildir ki, davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button