Azərbaycanİran

İranın rəsmi mediası Azərbaycanla bağlı növbəti təxribat xarakterli yazı dərc edib 

İranın ali rəhbəri Əli Xameneyinin ofisinin mətbu orqanı sayılan "Keyhan" qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribatçı məqalə dərc edib. Yazıda Azərbaycanda müsəlmanlara qarşı amansız davranıldığı iddia edilir. Qəzet Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslərin fonunda Azərbaycan hakimiyyətinin "şiələrə qarşı zorakılıq hallarını" artırdığını yazıb.

Yazıda Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “Höccətülislam” adını əlavə edən qəzet iddia edir ki, o, “sionistləri və vəhabiləri” ifşa etdiyi üçün həbs olunub. “Bu gün Azərbaycanda müsəlmanların və şiələrin başına gətirilənlər ölkədə dindarlara münasibətdə keçmiş Sovetlər Birliyi dövründə göstərilən münasibətdən daha pisdir. Ona görə də Stalinin dövründəki qorxu dövrü ilə müqayisə oluna biləcək bir vəziyyət yaranıb”- deyə, Xameneyinin ofisinin qəzeti yazıb.

Məqalədə Azərbaycanda başqa dinlərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma İslam dininə qarşı düşmənçilik kimi təqdim edilir və xüsusilə yəhidi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunur. Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun yazının sonunda bir daha Azərbaycan hakimiyyəti İslam düşməni kimi qələmə verilir və bütün bunların Amerika və İsrailin göstərişi ilə həyata keçirildiyi qeyd olunur. Bununla yanaşı, Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli İstihbarat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları bir daha səsləndirilir.

Xatırladaq ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Burada gedən yazılar İranın ali rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqeyini əks etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button