Araşdırma & Təhlilİran

İrqçilik İranın siyasi strategiyasının ayrılmaz parçası kimi

Bir qrup insanın irq, cinsiyyət və ya inancına görə məruz qaldığı zülmü irqçilik və faşizm adlandıra bilərik. Bir zamanlar dünyada bəzi siyasi iqtidarların fəxr etdiyi faşizm anlayışı müasir dövrdə fərqli şəkildə qarşılanmağa başlanılıb. Hazırda faşizm anlayışını özündə təcəssüm etdirən ölkələrdən biri də İrandır. Fars faşizmini İranda hər yerdə və hər şəkildə görmək olar. Bu faşizm ölkədə geniş şəkildə yayılıb və toplumun qəbul edilmiş qaydaları sıralarına daxil edilib, hətta kültür halına gətirilib.

Ərəb, türk, əfqanlı və sair millətlərə mənsub etnik qruplar fars faşizminin hədəfindədir. Başqa millətlərin nümayəndələri ilə müqayisədə farslara qarşı heç bir basqı tətbiq olunmur. Bu kültür millətin şifahi nitqindən tutmuş mediaya qədər təsir göstərib. Fars faşizmi uzun illər davam edən siyasi iqtidar sayəsində mövcudluğunu qorudu. Nə zaman hörmətsizliyə və faşizmə məruz qalan bir millət etiraz edərsə, “bölücülük” və “xarici ölkəyə xidmət etmək” iddiaları ilə ittiham edildi.

İranda ədalət və azadlıq üçün başladılan demək olar bütün hərəkatların öncülü Güney Azərbaycan, faşizmə qarşı da mübarizə aparan ilk millət oldu. İllərdir fars faşizmi ilə mübarizə aparan Güney Azərbaycan istər Tehran hakimiyyəti, istərsə də hakim kültürə mənsub müxalifət tərəfindən yox sayıldı, hüquqları tapdalandı. Uzun illər boyu İrandakı faşizmdən söz açmaq belə imkansız idi. Ancaq son illər özəlliklə media sahəsində yaşanan inqilab vasitəsilə əzilən millətlər az da olsa etirazlarını dilə gətirə bilirlər. Əlbəttə, Güney Azərbaycan türkləri kimi etiraz səsini ucaldan bütün millətlər kəskin basqılara məruz qalırlar.

Müxtəlif millətlərin basqıya, həqarətə məruz qalmasına nümunə kimi “Hacı Firuz” səhnəciyini qeyd edə bilərik. Belə ki, İranın fars bölgələri və özəlliklə Tehranda Yeni il bayramı ərəfəsində xiyavanlarda təqdim olunur. Burada qara rəngə boyanmış bir nəfər kölə rolunu ifa edir və insanları güldürməyə çalışır. Hacı Novruz adı verilən obraz timsalında qara dərili insanlara qarşı təhqiramiz ifadələr işlənir. Bütün bu ifadələr komedi adı altında insanlara təqdim olunur. Fars kültürünün ayrılmaz parçasına çevrilən bu səhnəciyə etiraz etmək o qədər də asan iş deyil. Məlumata görə, Tehran Şəhrdarisinin Sosial və Kültürəl müavinin yayımladığı açıqlamada bu il Bahar bayramı şənlikləri zamanı “Hacı Firuz” səhnəciyinə yer verilməyəcəyi bildirilib.

Şəhrdari faşizm örnəyi olan səhnəciyin artıq təqdim olunmayacağını bildirsə də, bu məsələ günlərlə sosial mediada müzakirə mövzusuna çevrildi. Bir qrup şəxslər faşizmə qarşı atılan bu addımı dəstəkləməyi seçdi. Fars milliyətçilərinin də aralarında yer aldığı başqa bir qrup isə məsələnin faşizmlə bir ilgisi olmadığını iddia etdi. Hakimiyyəti tənqid etmək adı altında faşizmə qarşı çıxanlara basqı tətbiq olundu. Onlar İranda faşizmin varlığını danmağı seçdilər. Ötən illərdə “Traxtur”un oyunlarında minlərlə nəfərin irqçi şüarlar səsləndirməsi, Almanın milli futbol timinin Tehrana gəldiyi zamanlarda on minlərlə insanın “nasizm” işarəti göstərməsi yaddaşlarda həkk olunub. Buna baxmayaraq, fars millətçiləri hələ də ölkədə faşizmin olmadığını difa etməkdən çəkinmirlər. Hazırda İranda qeyri-fars millətlər ana dilində təhsil hüququndan məhrum edilib.

Bu təməl hüququnu tələb edən şəxslər isə kəskin basqılara məruz qalır. İranda faşizmin hansı niyyətlə olursa olsun gündəmə gətirilməsi və müzakirə edilməsi bu böyük zülmün həlli üçün atılan ilk addım ola bilər. Aydın məsələdir ki, faşizmin tərəfdaşları məsələnin müzakirəyə çıxarılmasını istəməyəcək. Ancaq ədalətin bərqərar edilməsi məqsədilə bir sıra addımların atılması mütləqdir.

Related Articles

Bir cavab yazın

Back to top button