Azərbaycan

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim, publisist Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il janviyənin 31-də Bakının Novxanı kəndində dünyaya göz açıb. İlk təhsilini görkəmli pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə alıb.
Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. 1909-cu ildə İrana mühacirət edərək bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra isə Türkiyəyə mühacirət edib.
Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu təşkilat XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya parlımanına Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il meyin 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Meyin 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il meyin 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti təşkil olunub. Beləliklə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycan xalqı öz cümhuriyyətlərinin əsasını qoymağa müvəffəq oldu.
Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 avrilində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra Məhəmməd Əmin Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qaldı. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış görkəmli xadim 1955-ci il marsın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
Azərbaycan tarixinin görkəmli simalarından olan Məhəmməd Əmin Rəsulzadəni qürur və ehtiramla yad edirik!

Related Articles

Bir cavab yazın

Back to top button