İran

Nərgiz Məhəmmədi BMT-yə məktub yazıb: “Məhbus müəllimlər təkadamlıq kameralarda saxlanılır”

İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədi BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana məktub ünvanlayıb.

“Müəllimlərin Həmkarlar İttifaqının liderləri və onlarla müəllim fəal 75 gündən artıqdır ki, ETTELAAT-ın təkadamlıq kameralarında təzyiq altındadır.

Əmək fəalları da habelə təkadamlıq kameralarda saxlanılırlar. Bu, müəllim və işçilərlə bağlı iki nüfuzlu həmkarlar ittifaqına qarşı açıq şəkildə repressiya deməkdir”-deyə, xanım N.Məhəmmədi bildirib.

O, müəllim və işçi fəallarının təkadamlıq kameralarda saxlanmasının, ailələrinə heç bir xəbər verilməməsinin və telefon əlaqələrinin kəsilməsini onlara qarşı tətbiq edilən “ağ işgəncə” adlandırıb və Cavid Rəhmandan bununla bağlı daha təsirli addımlar atmasını istəyib.

“Müstəqil vətəndaş institutlarının sıxışdırılması vətəndaş cəmiyyətini çökdürmək, insanların demokratiyaya nail olmasının qarşısını almaq üçün İranın əsas məqsədlərindən biridir və bu da insan hüquqlarının pozulması hesab olunur.

Davamlı və müstəqil etiraz hərəkatımızın və sivil mübarizəmizin məqsədi dini diktator rejimindən qurtulmaqdır və demokratik keçid üçün vətəndaş cəmiyyətinin formalaşması, təşkili və gerçəkləşməsinə ehtiyacımız var”, -o, qeyd edib.

Nərgiz Məhəmmədi Cavid Rəhmandan müstəqil vətəndaş təsisatlarının repressiyalarının qarşısının alınması üçün Tehran hökumətinə təzyiq edilməsini vacib sayıb.

O, BMT nümayəndəsindən vətəndaş cəmiyyəti institutlarına və fəallarına beynəlxalq mexanizmlər vasitəsilə dəstək verilməsini istəyib.

Əslən Zəngan (Zəncan) şəhərindən olan Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib.

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilmişdi, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad edilmişdi.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda “Qərçək” zindanında məhkumluq dövrünü yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button