Azərbaycan

“Onlar dayanmasalar biz bütün torpaqlarımızı azad edənə qədər gedəcəyik…”

Xəbər verildiyi kimi prezident İlham Əliyev Fransanın “Le Figaro” qəzetinə müsahibə verib. Müsahibə əsasən Qarabağda gedən döyüş əməliyyatları və Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılması ətrafında olub.

Jurnalist müsahibəyə başlayan kimi Azərbaycan prezidentindən soruşub:

-Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?

İlham Əliyev isə fransalı jurnalistin sualına cavab olaraq deyib ki, sentyabrın 27-də hücuma başlayan tərəf Azərbaycan deyil, Ermənistan olmuşdu.

“Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız oldu. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum edib. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər”,-Azərbaycan prezidenti bildirib.

İlham Əliyev qeyd edib ki, Ermənistanın dövlət sərhədində həyata keçirdiyi həmin hücumun məqsədi Azərbaycanı və ola bilsin həm də Avropa istehlakçılarını şantaj etmək idi.

 

“Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik»,-dövlət başçısı bildirib.

Jurnalist Qarabağda bir aya yaxındır davam edən hərbi əməliyyatların gedişi barədə də soruşub. İlham Əliyev deyib ki,  uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib.

“Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə – şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozub. Əgər onlar atəşkəsi pozmasaydılar, – onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, – bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik»,-prezident deyib.

“Le Figaro” müxbiri soruşub:

-Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız?

İlham Əliyev cavab verib ki, Azərbaycan elə bu gün hərbi əməliyyatları dayandırmağa hazırdır.

Sitat: “Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik”.

Related Articles

Bir cavab yazın

Back to top button