Azərbaycanİran

Rejiminin mövcudluğu sona çatacaq – Azərbaycan Mərkəzi Partiyasının üzvü və “AN.T”-nin icrayi müdiri Elyar Kamrani İSMARIC

ABŞ və Səudiyyə Ərəbistan kəşfiyyatı bildirib ki, İran yaxın zamanda ABŞ-ın İraqda hərbi bazalarına, eləcə də Səudiyyə Ərəbistanda hərbi və mülki obyektlərə hücum edə bilər.

Son vaxtlar öz daxilində çaxnaşmalarla uğraşan İran rejimi özünü risk altına qoyaraq qonşu ölkələrə qarşı geniş hücum əməliyyatlarına başlaması hələ də ciddi sual doğurur.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Partiyasının üzvü və “AN.T”-nin icrayi müdiri Elyar Kamrani Ednews-a fikirlərini bölüşüb.

Güneyli təşkilatlar Xuzistan vilayətində baş qaldıran etirazlara dəstək  verib

Söhbət zamanı E.Kamrani hesab edib ki, İran rejimi qonşu ölkələri təhdid etməsinə baxmayaraq, hazırda o, regionda böyük hücum əməliyyatları həyata keçirmək iqtidarında deyil.

“İlk növbədə qeyd edim ki, İran dünyanın müxtəlif ölkələrində terror şəbəkələri quran bir dövlətdir. İraq, Suriya, Livan və Yəməndə, habelə Səudiyyə Ərəbistanda İran kəşfiyyatına bağlı terror təşkilatları fəaliyyət göstərir. Eləcə də Azərbaycanda bu yaxınlarda dövlət təhlükəsizlik orqanları tərəfindən İran agenturasının terror şəbəkələri aşkar edilərək zərərsizləşdirilib. İran ordusu Səudiyyə Ərəbistana və ya bölgədə ABŞ-hərbi mövqelərinə hücum etmək iqtidarında deyil. Heç qətiyyəti də yoxdur. Tehran daxilində baş verən hadisələrdə birbaşa Qərbi, İsraili və Köfrəz ölkələri günahlandırır. Ona görə də İran xəbər agentliklərində İranın siyasi və hərbi rəhbərliyinin qonşu ölkələrə qarşı təhdidedici və provokasiya xarakterli bəyanatları yayılır. Ümumiyyətlə, Ermənistan xaric olmaqla İranın bütün qonşu ölkələr ilə münasibətləri gərgin olub, Tehran regionda bilərəkdən düşmənçilik siyasəti yeridir. İran kəşfiyyatının yalnız öz terror şəbəkələri vasitəsi ilə regionda qanlı təxribatlar törətməsi ehtimal oluna bilər”.

Elyar Kamrani, həmçinin bildirib ki, İslam Respublikasının Yaxın Şərqdə bütün siyasi və hərbi planlara uğursuzluğa düçar olub.

“İran rejimi illərlə xalqdan yığıdığı pullar hesabına Yəmən, Suriya və İraqda öz şəbəkələrini qurmağa çalışıb. Lakin nə qədər əlindən gələni eləməyə çalışsa da, Tehran bu ölkələrdə öz istəyinə və məqsədlərinə nail ola bilməyib. Xarici siyasi qüvvələr onun bütün geosiyasi planlarını alt-üst ediblər. İran elə bir bataqlığa batıb ki, onun heç bir gələcəyi yoxdur. İranda siyasi və iqtisadi problemlər günü-gündən artmaqdadır, xalq hakimiyyətin zülmündən cana doyub. Hakimiyyət daxildə etirazları müvəqqəti yatırmaq üçün xarici faktoru ortalığa atmaq məcburiyyətində olur. İran nə qədər gücünü şişirtsə də, regionda böyük müharibə tab gətirə bilməz”.

Elyar Kamranin fikrincə, İranda öz hüquqları və azadlıqları uğrunda mübarizə aparan hər bir millət öz milli hökumətinin qurulmasına nail olacaq.

“İranda müxtəlif millətlərin, xüsusilə azərbaycanlıların, kürtlərin, ərəblərin və bəlucların yaşadığı bölgələrdə etirazlar və nümayişlər davam etməkdədir. Mərkəzi hakimiyyət artıq bu bölgələri tam nəzarət edə bilmir. İranın təhlükəsizlik qüvvələri xalq etirazları ilə mübarizə aparmaqdan yorulublar, əzmlərini itiriblər, hətta bəziləri meydanları tərk etmək məcburiyyətində olub. İranın gələcəyi siyasi və iqtisadi cəhətdən daha gərgin olacaq. Pəhləvi dövründə olduğu kimi, İslam Respublikasında da hər bir millətin öz milli və mədəni hüquqları tapdalanıb, onlara öz milli hökumətlərini qurmağa imkan verməyiblər. Təbrizdə və Azərbaycan türklərinin yaşadığı bölgələrdə nümayişçilər “Azadlıq, ədalət və milli hökumət” şüarları səsləndirirlər. Azərbaycan türkləri istər muxtariyyət, istərsə də milli dövlətçilik səviyyəsində öz hakimiyyətini qurmaq uğrunda mübarizəsini davam etdirəcəklər. Hazırki gedişat göstərir ki, İran rejiminin mövcudluğu nə vaxtsa sona çatacaq. Ölkədə millətlərin etirazları genişlənəcək və milli hökumətlər qurulacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button