Azərbaycan

Təbrizdə siyasi məhbusa dəstək aksiyası keçirilib

Ruzbeh Pirinin həyatının təhlükədə olduğu bildirilib.

Mayın 8-də təbrizli milli-mədəni fəallar şəhərin müxtəlif küçələrində siyasi məhbus Ruzbeh Pirinin afişalarını yapışdıraraq ona dəstək verib və həyatının təhlükədə olduğunu bildiriblər.

“Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü” münasibətilə keçirilən aksiyada fəallar Təbriz zindanının 15-ci bölməsində saxlanılan mədəni fəalın sağlıq durumunun yaxşı olmadığını və zindan məsullarının onun müalicəsinə imkan vermədiyini qeyd ediblər.

Ruzbeh Pirinin fotosu əks olunan afişaların üzərində “Azərbaycan övladlarını həbs etməklə Azərbaycan xalqının hüquqlarını gizlədə bilməzsiniz”, “8 may Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü Ruzbeh Pirinin həyatı təhlükədədir” və başqa bu kimi şüarlar yazılıb.

Ruzbeh Pirinin mədə xorası xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, zindan məsulları onun müalicəsinə şərayit yaratmır. Onun zindandan qıraqda xəstəxanada yerləşdirilməsinə imkan vermir.

Bununla yanaşı məsullar siyasi məhbusa təzyiq göstərmək üçün onu narkotik maddə istifadəçilərinin saxlanıldığı 15-ci bölməyə köçürüblər.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.

“Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button