Azərbaycan

Tariximizin şərəf səlnaməsi: Sərhəd Hərəkatından 32 il ötür

Azərbaycan tarixinin ən yadda qalan, ən şərəfli səhifələrindən biri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Bu günün əsası 1989-cu ildə  Naxçıvanda İran- Azərbaycan sərhədinin (o zamankı SSRİ – İran sərhədinin-red) dağıdılması ilə qoyulub.

Tarixə qısa ekskurs edək. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatizmi baş qaldırmışdı. Türkmənçay sülhündən sonra Qarabağa köçürülmüş bir ovuc erməni Azərbaycana tabe olmurdu.

Tərslikdən Azərbaycanın da daxil olduğu Sovet İttifaqının rəhbərliyi də onları himayə edirdi.

Belə bir vaxtda Azərbaycanda demokratik düşüncəli ziyalıların rəhbərlik etdiyi xalq hərəkatı başlandı. Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda və digər şəhərlərimizdə milli təşkilatlar yaranır, erməni separatizminə, Moskvanın laqeyd siyasətinə qarşı milli müqavimət hərəkatı başlanırdı.

Xalq hərəkatının qarşısında bir məqsəd var idi: Bölücü erməni hərəkatını durdurmaq,  Qarabağda və sərhəd bölgələrində əliyalın Azərbaycan kəndlərini qorumaq. Xalq hərəkatının ilk illərində səslənən siyasi şüarlar arasında parçalanmış Azərbaycanın birləşməsi məsələsi də var idi.

İkiyə bölünmüş Azərbaycan xalqının birləşməsi ideyası 1828-ci ildən var idi. Güneydə xalq Bakı, Gəncə, Şuşa, Dərbənd həsrəti ilə yaşayır, quzeydə Təbriz, Urmu, Ərdəbil ayrılığına bayatılar qoşur, ağılar söyləyirdi.

Dərbənd aralı,
Könlüm yaralı
Sevirəm səni,
Dağlar maralı

və yaxud:

Arazı ayırdılar,
Su ilə doyurdular
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.

Bu cür ağız ədəbiyyatı nümunələri Azərbaycan xalqının ayrılıq nisgilini və birləşmək arzusunu ifadə edirdi.

Hələ ötən əsrin 70-ci illərindən yaranan gizli təşkilatların əsas məramlarından biri Azərbaycanın birləşməsi idi. Xalq hərəkatı dönəmində bu istək daha da gücləndi.

Gün gələcək millətimizin qırılmaz əzmi, polad iradəsi güneyli-quzeyli vətənin birliyi arzusunu reallığa çevirəcək.
Milli Həmrəylik günümüz mübarək olsun, əziz soydaşlarımız!

Related Articles

Bir cavab yazın

Back to top button