AzərbaycanBölgəDünya

“Türk Dövlətləri Təşkilatının vahid pulu yaradılmalıdır”-Təklif

“Rusiya təbliğatı illərdir deyir ki, dünyada dolların rolu azalır. Hətta Rusiya 2014-cü ildən bəri bəzi populist bəyanatlar verərək digər ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtina edəcəyini elan edib. Amma reallıq başqadır, Kremlin arzuları kimi deyil”. Bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli bildirib.

Ekspertin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun rəsmi rəqəmlərinə görə dünya ölkələrinin ehtiyat “yastığı” 2013-cü ildə 11 trilyon 700 milyard dollar dəyərində olub. “Bu məbləğın cəmi 3 trilyon 810 milyardı dollarda, yerdə qalan hissəsi digər valyutalar, qiymətli kağızlar və qızılda saxlanılırdı. Üç il sonra, yəni 2016-cı ildə dünya ölkələrinin ehtiyat vəsati 10 trilyon 720 milyard dolar idi.

Bu məbləğın artıq 5 trilyon 500 milyardı dollarda, yerdə qalanları isə digər aktivlərdə idi. Növbəti üç ildə, yəni pandemiyadan öncəki 2019-cu ildə ölkələrin ehtiyat vəsaiti 11 trilyon 820 milyard dollara qalxdı və bunun 6 trilyon 730 milyardı dollarda idi. 2021-ci ildə ölkələrin ehtiyat vəsaiti 12 trilyon 920 milyard dollara qalxdı və bu vəsaitin 7 trilyon 90 milyardı sırf dollarda saxlanılırdı”.

N. Cəfərli bildirib ki, göründüyü kimi dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artır: “Amma bu o demək deyil ki, “dollar dünyasında” problemlər yoxdur – təbii ki, var və getdikcə artacaq. Çünki, qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq.

Bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır. Çünki Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir”.

Ekspert qeyd edib ki, 2011-2021-ci illər arası Çin valyutası bir dollara qarşı 6,22 yuanla 7,10 yuan arası dəyişib – oynaqlıq çox azdır, bu isə yuanı cəlbedici edir: “Amma yuanın da ən zəif nöqtəsi odur ki, dollara, ABŞ iqtisadiyyatına çox bağlıdır.

ABŞ-Çin qarılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci ilə nisbətən 28,7% artaraq (il-ilə rekord artış göstəricisidir) 755 milyard 640 milyon dollar olub, ABŞ uzun illərdir ki, Çinin 1 nömrəli ticarət tərəfdaşıdır. Məsələn, Rusiya isə Çinin ticarət dövriyyəsidə 11-ci yer tutur”.

N. Cəfərli vurğulayıb ki, fraqmentallaşan dünyada regional güclərin yaranması, möhkəmlənməsi regional valyutaların da yaranıb-güclənməsinə səbəb ola bilər: “Bu mənada Türk Dövlətləri Birliyi gələcək üçün (yaxın 10 ilə ağılla plan qurub işləməklə) özlərinin ticarət əlaqələrini gücləndirmək yollarından biri kimi ümumi valyutanın yaradılması haqqında da düşünməlidirlər”.

İqtisadçının fikrincə, bu klassik “kağız pul” olmaya da bilər, sadəcə ölkələrin öz valyutalarını saxlamaq şərti ilə ortaq “digital” (bu “coin” deyil, səhv salmayın) pul vahidi, məsələn, “elektron akçe” dövriyyəyə buraxmaq olar: “Bu addım TDB-nin qarşılıqlı ticarəti sürətləndirmək üçün geniş perspektivlər aça, Birliyin “dollar, avro və yuan dünyası” ilə də iqtisadi münasibətlərin artmasına səbəb ola bilər”-deyə ekspert vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button