Dünya

Türkün Zəfər Bayramı-Çanaqqala zəfərindən 107 il ötür

Bu gün Osmanlı dövlətinin Çanaqqalada Antanta İttifaqının dəniz qüvvələri üzərində qazandığı qələbənin 107-ci ildönümüdür. 1915-ci il martın 18-də Antanta üzərində qazanılan bu zəfər Çanaqqala dəniz qələbəsi adlanır.

Antantaya qarşı quruda müqavimət isə 1915-ci il aprelin 15-də başlayıb, 1916-cı il yanvarın 9-da qələbə ilə başa çatıb.

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək, müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar.

 

Antanta İttifaqına Böyük Britaniya Krallığı, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa daxil idi. Osmanlı isə Avstriya-Macarıstan, Almaniya ilə bir hərbi blokda müharibədə iştirak edirdi.

Lakin türk ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazıldı.

 

Bu döyüşlərdə Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi.

Mustafa Kamal Paşanın başçılığı altında Osmanlı qoşunlarının 1915-ci il fevralın 19-da dənizdə başladığı müqavimət hücumu martın 18-də zəfərlə başa çatdı.
Çanaqqalada şəhid olanlar arasında üç mindən çox azərbaycanlı da var idi.

 

Hər il martın 18-i Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur. Tanrı türkün böyük zəfərinin memarı olan şəhidlərimizə rəhmət eləsin.

Related Articles

Bir cavab yazın

Back to top button