Azərbaycan

Urmulu milli fəal sərbəst buraxılıb

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan gənc milli-mədəni fəal Salar Tahir Əfşarın ayağına bağlanmış elektron qandal çıxarılıb.

19 iyul tarixində elektron qandalla Urmu zindanından məzuniyyətə buraxılan milli fəalın həbs müddəti 18 dekabr tarixində bitdiyi üçün ona tətbiq edilən məhdudiyyət aradan qaldırılıb və elektron qandal çıxarılıb.

Türk fəalın səyahət məhdudiyyət şərti ilə həbsxanadan buraxılması həbsxanalarda məhbusların sayının azaldılması istiqamətində təxminən 3 il əvvəl elektron cihazların istifadəsinə dair icra qaydaları əsasında həyata keçirilib.

Əfşar ilkin məhkəmə tərəfindən “sistemə qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilsə də, Apellyası Məhkəməsi ona müvafiq olaraq ikinci ittihamından bəraət qazandırıb, həbs cəzasını 1 ilə endirib.

Urmulu fəal iyulun 16-da Güney Azərbaycanda Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmuda saxlanılıb və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

O, həmçinin sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Güney Azərbaycan və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək üçün keçirilən mitinqlərlə əlaqədar təkrar İran kəşfiyyat orqanları tərəfindən həbs edilib.

Salar Tahir Əfşar indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələri tərəfindən fərqli ittihamlarla mühakimə olduqdan sonra həbs və qamçılanma cəzalarına məhkum olunub.

Related Articles

Bir cavab yazın

Back to top button