Azərbaycanİran

​​Yaqub Zurufçunun doğum günüdür

Bu gün Əməkdar artist Yaqub Zurufçunun anadan olmasından 68 il ötür. O, 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində doğulub.

7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib. Onun ifasında “Cücələrim” mahnısı həm Azərbaycan, həm də İranda dillər əzbəri olub.

Zurufçu 11 yaşından xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnılarını ifa edib.

Sənətçi 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlayıb. Eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib.

1979-cu ildəki İran xalq inqilabından 1 il sonra İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə bakalavr diplomunu, daha sonra Amerikanın Florida ştatının Mayami şəhərində isə Mayami Universitetində vokal sənəti üzrə magistr diplomunu alıb.

Ürəyində Azərbaycan musiqisi sevdası olan Yaqub Zurufçu hər zaman milli musiqi ruhu ilə yaşayıb və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalıb. Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri, Xalq artisti Gülağa Məmmədov Almaniyada olanda Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirib və televiziyada yayımlayıb.

“Ayrılıq” mahnısı Azərbaycanın milli-mənəvi dirçəlişinə yön verərək, Azadlıq hərəkatı zamanında da çox sevilib və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” Cəmiyyətinin köməyi ilə müğənni ilk dəfə Azərbaycana gəlib.

O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alıb. Sənətçi 2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. Yaqub Zurufçu 2021-ci il sentyabrın 14-də 65 yaşında dünyasını dəyişib.

#YaqubZurufcu

Related Articles

Bir cavab yazın

Back to top button