İran

Zənganda ağacların qanunsuz kəsimi meşələrin məhvinə səbəb ola bilər

Zənganda öz mənfəətini güdən şəxslər tərəfindən ağacların kəsilməsi yaşam çevrəsi üçün ciddi təhlükə yaradır. Bu durum torpağın yuyulması və ekosistemin pozulmasına yol açır. Nəticədə meşələr məhv olmaq təhlükəsi ilə üzləşirlər. Zəngan Əyaləti Təbiət Qaynaqlarını Qoruma Baş İdarəsi Alayının fərmandehi məsələ ilə bağlı açıqlama verib. Sərhəng Riza Mehdiyyunun sözlərinə görə, bu ilin 10 ayında 53 qanun pozuntusu qeydə alınıb. Beləliklə, qanunsuz şəkildə kəsilən 300 tona yaxın ağac ələ keçirilib. Mehdiyyun qaçaqçılığın qarşısını almaq məqsədilə müvafiq tədbirlərin görüldüyünü bildirib. Ancaq ötən illə müqayisədə bu ilin 11 ayında ağac qaçaqçılığı yüzdə 44 artıb. Zəngan Əyaləti Təbiət Qaynaqlarını Qoruma Baş İdarəsinin müdiri də məsələ ilə bağlı açıqlama verib. Xəlil Ağacanlu meşələrin salınması ilə bağlı müxtəlif üsullardan istifadə edildiyini deyib. Kuşkən Nahalistanında illik 2 milyon ting becərildiyini diqqətə çatdırıb. O, ağac qaçaqçılığı müşkülünə də toxunub. Qaçaqçıların ən çox çinar, söyüd, girdəkan və Qara ağacının kəsimi ilə məşğul olduqlarını bildirib. Məlumata görə, bu yöndə cəzalar artırılıb. Pozuntuya yol verən şəxslərə daha kəskin davranılır. Bildirək ki, Zəngan əyalətinin məsahəti 2 milyon 215 min hektardır. Bunun 1 milyon 235 min hektarı otlaq, təxminən 70 min hektarı isə meşəlikdir. Zəngan meşələrində əsasən ardıc və palıd kimi ağac növləri var.

Related Articles

Bir cavab yazın

Back to top button