İran

SEPAH generalından Xameneiyə: Ordum acdır – Məxfi iclas

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.

Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

 

İkinci briqa komandiri Vəliullah Baharian:

– Son iğtişaşlarla bağlı Həmədan əyaləti haqda. Hər iki əyalətin qonşuluqda olması və yerli əhalinin mədəniyyət baxımından yaxınlığına görə mənim fikirlərim briqada generalı Möhsün Kəriminin fikirləri ilə çox oxşardı.

Təkcə bunu əlavə edə bilərəm ki, Həmədan əyalətinin əhalisinin baxışları qonşu kürd və türk əyalətləri ilə eynilik təşkil edir. Bu iki əyalətin arasında olan oxşarlıq hökumətə qarşı alınan qərarlarda da özünü göstərir. Universiyet və digər təhsil müssisələri bu etirazlarda geniş iştirak edıblər.

Əyalətdən əldə olunan məlumata görə, başa düşmək olur ki, etirazların təşkilatçılığı, yayılan elanlar, bəyanatlar universitet tələbələri və şəxsiyyətləri bəlli edilmiş bəzi hərbi qüvvələrlə birlikdə verilir. Ərak əyalətində ortaya çıxan problemlər Həmədan əyalətində də özünü göstərir. Mən sözü qısa edib, vaxtı yoldaşların ixtiyarına verirəm.

Briqada komandiri Həmid Xürrəmdel:

– Ali rəhbərin qulluğuna ərz edim ki, həyat səviyyəsinin aşağı olduğu, əsasən kənd həyatının üstünlük təşkil etdiyi Kohkiluye və Boyirəhməddə əhalinin yaşayışı əsasən təşkilatların yardımlarından asılıdır. Bu əyalətə ümumi nəzər salsaq görərik ki, burada yaşıyan əhalinin savadsız kəsimi savadlılardan çoxdur. Bu əyalətdə minlərlə işsiz savadlı var. Mən özüm bir neçə halda elmlər namizədinin pizza satdığını və ya başqa xidmət sahələrində işlədiyini görmüşəm. Halal çörəyin hardan çıxdığının fərqi yoxdur. Bu vilayətin əhalisi o zaman dövlət qüvvələri ilə münaqişəyə girir ki, o, tayfaların qırmızı xətt hesab etdiyini keçmiş olur. Misal üçün, yaşayışın çətinləşməsi, təsərrüfat və heyvandarlıq məhsulları ilə təmin edilməməsi kimi qırmızı xətlər bu vilayətdə daha çox olur. Əsasən hökumətin dəstəyi ilə onlar öz ayaqları üzərində dayana bilirlər, təkbaşına ailənin məişət problemlərini həll edə bilmirlər. Ölkənin müxtəlif şəhərlərindən tələbələrin, xüsusən də Tehrandan gələn tələbələrin bu əyalətdəki şəhərlərə axını, bu əyalətin yarıkənd həyatı yaşayan əhalisinin şəhər həyat tərzinə keçməsini sürətləndirir. Belə ki, əhalinin həyat tərzi Tehrandakıların həyat tərzinə çox oxşayır. Küçə və prospektlərdə etirazların forması da paytaxtda olduğu kimidir. Tehranda bir hərəkət baş verən kimi bu əyalətin şəhərlərində də eynisi təkrar edilir. Etirazlar ictimai şəbəkələr tərəfindən planlaşdırılır. Bu əyalətdə saxlanılanların sayı əhalisinə nisbətdə daha çoxdur. Yerli polis və təhlükəsizlik qüvvələri ilə burda yaşayan etnik tayfalar arasında yaxın əlaqələr var. Ona görə də ciddi repressiyaya əl atmırlar. Bu arada başqa əyalətlərin qüvvələri bu əyalətə daxil olmaq iqtidarında deyillər, daxil olsalar belə, yerli əhali onlardan üstündür. Bunun əsas səbəbi bu vilayətin əksər əhalisinin köçəri həyat sürməsidir. Bəlkə də inandırıcı deyil, bu əyalətin bir çox insanı seçkinin nə olduğunu bilmir və onların yeganə cəhdi odur ki, seçkidə öz tayfasından biri qalib olsun.

Münaqişə və müharibələrdə hələ də tayfalararası münasibətlər rol oynayır. Bu əyalətdə yarım gün ərzində ağ vəziyyət qırmızıya çevrilə bilər.

Bu əyalətə qüvvə daşımaq çətindir, əhali yolları bağlayır. Əhali ilə dövlət qüvvələri arasında toqquşmalar o vaxt genişlənir ki, təsərrüfat və heyvandarlıq üçün lazım olan mallar əhalinin əlinə çatmır. Son iki ay ərzində dövlət tərəfindən yardım alanlara yardımların çatdırılmaması səbəbindən etirazlarda iştirak edənlərin sayı artıb. Əhali boş əl ilə də güc qüvvələri qarşısında dayana bilər. Əllərində olan köçərilərə məxsus silahlarla daha da güclü olacaqlar. Bölgədə olan yerli hərbi və dövlət qüvvələri bir anda dövlətə və rəhbərə olan inamını öz mənafelərinə qurban verə bilərlər. Əldə olunan bu təhlilləri keçən ay SEPAH-ın kəşfiyyatı mənə təqdim etmişdi.

Polkovnik İbrahim Bidel:

– Hazırda ki, biz burada oturub danışırıq, Torbət-cam şəhərində bəzi məsələlər ortalığa çıxmaqdadır. Bu günlərdə xalqın öz problemlərini həll etmək üçün küçələrə axışmasının şahidi olacağıq. Bu əyalətin əhalisi arasında yoxsulluğun səviyyəsi çox yüksəkdir. Bu insanların əkinçilik və heyvandarlıq sahəsindəki tələbləri birinci yer tutur. Küçədə etirazçıların sayı çoxdur. Güc qüvvələri arasında böhran yaşanır. Quldurların bu əyalətdə meydan sulaması nəticəsində bu şəhərdə sinfi təbəqələşmə yüksəkdir. Bu şəhərin əhalisi əsasən sünnidir. Və dövlətin onlara qarşı davranışından narazıdırlar. Bu şəhərdə su və qazın verilməsində yaranan məhdudiyyətlər əhalini problemlərlə üz-üzə qoyub.

İkinci briqada komandiri Nemətullah Bagiri:

– Xuzistan əyalətində etirazların qarşısını almaq üçün diqqətimizi bir neçə fərqli məsələyə yönəltməliyik ki, etirazlar baş verdiyi an bu əyaləti istədiyimiz şəkildə idarə edə bilək. Biz bu əyalətdə 2019-cuildən bəri hər gün krizis təhlükəsi altındayıq. Xuzistan əyalətinin şəraiti elədir ki, hətta bu əyalətdə mövcud olan qeyri-yerli qüvvələr də Xuzistan əhalisiylə dil tapa bilirlər. Xuzistanın torpağı cəlbedicidir.

Son vaxtlar heç, bundan qabaq da Xuzistan əyalətində əmin-amanlıq olmayıb. Sanki Xuzistanın torpağı həmişə fəhlələrin torpağı olmalıdır və bu işçilər bir gün də belə gözəl həyatı dadmamalıdırlar. Xuzistanın suyu yoxdur, işığı yoxdur. Bu gün mən düşünürdüm ki, bu iclasda gərək nazirlər və prezident olsun ki, onları tənqid edim. Əslində onların Xuzistanla bağlı məntiqlərini tənqid edərdim. Necə olur ki, bu vilayətin qırx ildir heç nəyi yoxdur?

Ağalar problemlərin haradan qaynaqlandığını düşünürlər. Etirazlar insanların yoxsulluğundan başlayır. Xuzistan vilayətində yoxsulluq insanların qanına işləyib. İnsanların başını qaldırmağa gücü yoxdur. Bu vilayətin şiddətli istisi və burada mövcud olan qaz şölələrinin də yaratdığı istidən sistemin böyük ixtiyar sahibləri pul qazanır, müsibətini və bədbəxtliyi isə xalq çəkir. Yəni ölkəni təmin edən əyalətin fəhləsinin payına günü 70.000 tümən pul düşür. Bu əyalətdə ordu və təhlükəsizlik qüvvələri də yoxsuldur. Xərclər yüksək, ev kirayəsi yüksək, maaş vəziyyəti isə aydındır. Bu əyalətdə hərbi qüvvələrin maddi durumu yoxsulluq həddinin altındadır.

Mənim tabeliyimdə olanlardan biri bankdan kredit götürmək istəyib, ona heç bir həmkarı zəmanət verməyib. Səbəbini soruşdum, dedi ki, heç kim inanmır. Sabah krediti ödəyə biməsəm, maaşları da bank tərəfindən əllərindən alınacaq. İnsanlar hər hansı səbəblə etirazlara əl atmaqda haqlıdırlar. Mən Hacı Ağa Qaaninin söhbətlərini eşitdim ki, o, inanmış və əməl sahibi komandirlərdən danışırdı. Mən burada cavab vermək istərdim ki, əgər bizim komandanlığımızdakı korpusa da artıq vəsait verilsə, hesabsız, kitabsiz xərcləyə bilsək, biz də öz qüvvələrimizin əlindən tuta bilmək imkanına sahib olardıq. Ali rəhbərin hüzurunda öz əməllərimizdən danışıb mudafiə edərdik. Amma nə edək ki, imkanımız yoxdur.

Ali rəhbərin hüzuruna izah etmək istəyirəm ki, mənim qüvvələrim acdır, məsələ məişət ehtiyaclarını təmin etməkdən keçib, mənim qüvvələrim universitet xərclərini ödəyə bilmədiyi üçün övladını ali məktəbdən çıxarmağa məcbur olub; mənim qüvvələrim ağır şəraitdə işləyir və vəziyyətinin yaxşılaşdırılmasına inamı qalmayıb.

Əhvaz Korpusunda indiyədək hüquq və imtiyazlara görə yeddi etiraz aksiyası keçirilib, onlardan ikisi toqquşma və həbslərlə nəticələnib. Məncə, müsəlman övladının əqidəsi onun var-dövləti ilə də əlaqəlidir. İslamın ilk illərində də qənimətləri bölüşdürmək üçün islam əsgərləri ilə islamın Peyğəmbəri arasında söz-söhbət və münaqişə gedirdi. Əli ibn Əbi Talibin dövründə də oxşar problemlər var idi.

O dostlar ki, deyir, onların qüvvələrində inamsızlıq yaranıb, onlar deyirlər, bu sistem bizi unudub. Yoxsa biz ölkədə etiraz aksiyaları, iğtişaşlar az görməmişik. O vaxt da qüvvələrimiz inamla vəzifələrini yerinə yetirib. Həzrət ağa (Xamenei – red.), hərbi qüvvələrin problemi ciddidir və mən xüsusi olaraq sizin diqqətinizi bu məsələyə cəlb etmək istədim.

Related Articles

Bir cavab yazın

Back to top button