Azərbaycan

Söyüdlüdəki monitorinqin nəticəsi açıqlandı

Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiya məlumat yayıb.

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Baş nazirinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında  mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.

Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib.

Hazırlanan təkliflər planına  beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.

Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına əlavə olunub.

Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır.

Bu gün Gədəbəy rayonunda Komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nümayəndələri ilə görüş olub, sağlamlaşdırma proqramında əks olunan təkliflər paketi ətrafında müzakirələr aparılıb. Daha sonra kənd sakinləri ilə görüş təşkil edilib, onlara Komissiyanın gördüyü işlər barədə məlumatlar verilib.

Related Articles

Bir cavab yazın

Back to top button