AzərbaycanDünyaİran

Mayın 20-də Berlində keçirilən “Azadlıq, Ədalət, Milli Hökümət” toplantısının yekun bəyanatı

20 May “Azadlıq, Ədalət, Milli Hökumət” Berlin Mitinqinin Sonuc Bəyanatı

Azad dünyanın ayıq vicdanları;
Hər kəsə məlum olduğu kimi, İranda öz vətəndaşlarına zülm edən, Yaxın Şərqin təhlükəsizliyini təhlükə altına alan, dünya sülhünü təhdid edən faşist rejim və qaniçən diktatura mövcuddur. Bu rejim öz vətəndaşlarına orta əsr və sivil dünya dəyərlərindən uzaq münasibət bəsləyir, Yaxın Şərq ölkələrinə terror və fanatizm ixrac edir, Venesuela və Rusiya kimi rejimlərlə iqtisadi və hərbi əməkdaşlıq edərək qlobal sülhü risklə qarşı qarşıya qoyur.

İran vətəndaşları uzun illərdir ki, demokratiyanın bərqərar olması üçün mübarizə aparır və bunun üçün çox ağır bədəllər ödəyiblər. Faşist İran rejiminin zorakı və qeyri-insani davranışları nəticəsində minlərlə vətəndaş həyatını itirib, həbs edilib, işgəncələrə məruz qalıb və ya ağır xəsarətlər alıb. Xüsusilə son aylarda bütün ölkəyə bir inqilab dalğası yayıldı, amma təəssüf ki, İslam Respublikası rejimi bu dalğanı zorakılıq və qəddarlıqla yatırtdı, yüzlərlə insanı qətlə yetirdi, minlərlə insanı yaraladı, on minlərlə insanı həbs edib işgəncələrə məruz qoydu. İran rejimi dərin siyasi, iqtisadi, sosial və ekoloji böhranlarla üzləşsə də, normal bir dövlətin əsas tələblərini yerinə yetirə bilməsə də, ölkədə yoxsulluq, işsizlik və korrupsiya tüğyan etsə də, təəssüf ki, hələ də daxildə vətəndaşlara zülm etməyə, eləcə də regionda və dünyada terror yaymağa davam edir.

Azad dünya insanları;
Baxmayaraq ki, İranın bütün vətəndaşları zülm altındadır, lakin vətəndaşların böyük bir hissəsi daha çox və neçə qat zülmə məruz qalmaqdadır. Çünki İran çoxmillətli, çoxdinli və çoxmədəniyyətli bir ölkədir və bu ölkədə çoxlu variasiyalar mövcuddur. Amma İran İslam Respublikası rejimi bu çeşidliliyi tanımır və fərqli olanlara nəinki heç bir hüquq vermir, hətta repressiya yolu ilə bu çeşidləri aradan qaldırmağa çalışır. Bu rejimin arzu olunan insanı fəqihin vilayətinə inanan fars şiə kişi insandır. Bu şərtlərə daha az malik olan hər bir vətəndaş daha çox zülmə məruz qalır.

Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Milləti ölkə əhalisinin nisbi əksəriyyətini təşkil edib, ölkənin tarixində və quruluşunda mərkəzi rol oynasa da, İrandakı digər əzilən xalqlar kimi bu gün öz təməl iqtisadi, siyasi, mədəni və ictimai hüququndan məhrumdur. Millətimiz bir əsrdən artıqdır ki, öz fundamental hüquqları uğrunda mübarizə aparır və bu gün də “Azadlıq, Ədalət, Milli Hökumət” strateji şüarı ilə demokratik tələbləri uğrunda mübarizəsini davam etdirir. Millətimiz bu mübarizəyə görə çox əziyyətlər çəkib, lakin azadlıq və ədalət uğrunda mübarizəsini heç vaxt dayandırmayıb.

Bu gün keçirdiyimiz mitinq 2006-cı il mayın 22-də Güney Azərbaycanda Türk Millətinin milli zülmə və irqçiliyə qarşı ümumxalq qiyamının il dönümü mübasibətiylədir. Hansı ki onda bir çox vətəndaşımız İran İslam rejimi tərəfindən qətlə yetirilmiş, yaralanmış, həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Nəticədə həmin irqçilik əleyhinə üsyan millətimizin tarixində dönüm nöqtəsi olaraq səbt olmuşdur.

Həmçinin, bu gün biz şahid oluruq ki, zalim İran İslam Respublikası rejimi vətəndaşlarımıza qarşı zülm və təzyiqləri o həddə çatdırıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz hissəsini, tələbə qızları kimyəvi hücumlarla hədəfə alır. Aylardır ki İran rejimi hələ bu cani hücumların məsul şəxslərini tapmayıb, bir haldaki həmin rejim bir neçə gün ərzində küçə etirazçılarında iştirak edən insanları müəyyən edib, həbs edib, edam edir.

Biz bu mitinqin iştirakçıları olaraq bununla bütün azad dünyadan tələb edirik ki, İrandakı bütün əzilən xalqlara, o cümlədən Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Millətinə, orta əsr zehniyyətli bu rejimdən qurtulmaq və demokratik hüquqlarını əldə etmək üçün kömək etsinlər.
Biz dünya dövlətlərindən İran rejiminin savaş və terror ixrac etmək siyasətləri qarşısında səssiz qalmamasını tələb edirik, hansı ki nümunələrini Azərbaycan Respublikası, Suriya, Yəmən, Livan, Ukrayna və s.-də görürük.

Biz İran rejiminin düşmənçilik və avantürist siyasətinə məruz qalan bütün xalqlarla birgə olduğumuzu bildiririk və xüsusilə bəyan edirik ki, İran rejiminin düşmənçilik siyasətinə qarşı Şimali Azərbaycandakı bacı və qardaşlarımızın yanındayıq.

Biz ayrıca, Güney Azərbaycanın hüquqlarını beynəlxalq aləmdə müdafiə edənlərə də təşəkkür edirik. İsrail parlamenti millət vəkillərinin millətimizin hüquqlarının müdafiəsi ilə bağlı məktubu İsrail və Azərbaycan millətlərinin dostluq və məhəbbətinin mükəmməl nümunəsi idi və ona görə də təqdirəlayiqdir. Təbii ki, Güney Azərbaycanın hüquq və azadlıqlarını beynəlxalq aləmdə dəstəklədiyinə və müdafiə etdiyinə görə, Azərbaycan Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlığımızı və şükranlarımız bildirməliyik, çünki onun səylərinin sayəsində Güney Azərbaycan məsələsi dünya ictimaiyyətinin diqqət mərkəzində yer almışdır.

20 May “Azadlıq, Ədalət, Milli Hökumət” Berlin Mitinqi Koordinasiya Mərkəzi

Related Articles

Bir cavab yazın

Back to top button