Azərbaycan

Bu gün Balaş Azəroğlunun anım günüdür

Bu gün Azərbaycanın görkəmli şairi Balaş Azəroğlu adı ilə tanınan Abızadə Balaş Allahbaxış oğlunun anım günüdür. O, 1921-ci il novambrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini burada bitirib. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib və vaxtının çox hissəsini ədəbi əsərlər oxumağa sərf edib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib. İlk şeiri “Dnepr” 1937-ci ildə Bakıda çap olunub. Gənc ədib 1938-ci ildə ailəsi ilə birlikdə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçüb. O, fars ibtidai məktəbində təhsilini davam etdirib. 1941-ci ildə Milli azadlıq hərəkatına qoşulub. Bu da şairin yaradıcılığında siyasi ədəbiyyatın ön plana keçməsində önəmli rol oynayıb. Azərbaycanlı şair “Azərbaycan zidd faşist cəmiyyəti”nin Ərdəbil vilayətinin şöbəsinə başçı seçilib. Bu cəmiyyətin orqanı olan “Yumruq” qəzetinin editoru olaraq fəaliyyətini davam etdirib. “Vətən yolunda” qəzeti yazıçılar heyətinin müsabiqəsində “Səttarxan” şeirinə görə ödülə layiq görülüb. 1943–1945-ci illərdə Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin yazarı, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin rəhbəri olub. Təbrizdə Milli hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin başqan müavini təyin edilib. 1946-ci ildə “Yazıçılar və şairlər cəmiyyəti”nin idarə heyətinin üzvü seçilən Balaş Azəroğlunun Ərdəbil ilə Təbrizdə ilk şeir kitabları işıq üzü görüb. Pişəvəri başqanlığı ilə qurulan Milli Hökümət yenildikdən sonra bir çox fədailərlə Quzey Azərbaycana qayıdıb. 1947–1952-ci illərdə Bakıda Azərbaycan Dövlət Biliyurdunun Dilçilik bölməsində təhsil alıb. Eyni zamanda Güney Azərbaycan Yazıçılar brliyinin başqanı vəzifəsində çalışıb. Balaş Azəroğlu bir çox ədəbi əncümənlərin üzvü, habelə başqanı vəzifəsində çalışıb.
Görkəmli ədib çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biridir. Nizaminin “Yeddi gözəl” poemasını, habelə Füzulinin qəzəllərini ana dilimizə tərcümə edərək çap etdirib. Onun ərəb əlifbası ilə “Seçilmiş əsərləri” 1996-da Tehranda çap olunub. Balaş Azəroğlunun əsərləri Keçmiş Şurəvi və xarici ölkə uluslarının dillərinə tərcümə olunub. Xidmətlərinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “21 Azər” kimi medallara layiq görülüb. İki dəfə Azərbaycan Ali Şura Rəyasət Heyətinin Fəxri fərmanı ilə təqdirə layiq göülüb. Azərbaycanın görkəmli ədibi Balaş Azəroğlu 24 avril 2011-ci ildə Bakıda vəfat edib.

Related Articles

Bir cavab yazın

Back to top button