Azərbaycanİran

Cənubi Azərbaycanda milli azadlıq hərəkatının “görünməz lideri”…

Bünyamin Qəmbərli: “Vahid lider məsələsinin olmaması Azərbaycanın Güneyində bizim mübarizəmizin axsamasına, güclənməməsinə səbəb olur”

img

Son vaxtlar İranda səngimək bilməyən kütləvi etirazlar olduqca vacib bir mövzunu aktuallaşdırmış  olur. Həmin ölkənin ən böyük etnosu sayılan  azərbaycanlı soydaşlarımızın lideri varmı?

Bəllidir ki, İrandan olan milli məfkürə daşıyıcısı liderlərin çoxu həmin ölkəni tərk edib xarici ölkələrdə yaşayırlar. Həlledici məqamda İranın daxilində yaşayan və  hamının qəbul etdiyi milli lider kim ola bilər?

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, Güney Azərbaycan Azərbaycanın Quzeyindən heç nə ilə fərqlənmir: “ Necə ki, Quzey Azərbaycanda vahid siyasi hədəflər, müxalifəti birləşdirən siyasi təşkilatlar yoxdu, eyni vəziyyət Güneydədi. Güneydə Azərbaycan türklərini əhatə edən təşkilatlar əsasən üç qrupa bölünür. 1 – ci İranın bütövlüyünü qoruyan qüvvələrdir ki, onlar deyir bütöv İran bizimdir, İranın bütövlüyündə türklər hakim olmalıdır. 2 – ci qrup federalistlərdir. Onlar deyir ki, İran qorunmalıdır və Azərbaycan türklərinə də orada muxtariyyət verilməlidir. Bu muxtariyyət sayəsində Azərbaycan öz dilini, mədəniyyətini inkişaf etdirə bilər. Və yaxud iqtisadi talanmasını qoruya bilər. 3 – cü isə istiqlalçılardır. Birincisi buna görə Güney Azərbaycanda olan təşkilatların vahid birliyi yoxdur. İkincisi,  istiqlalçıların özündə də vahid lider, onları birləşdirən vahid təşkilat yoxdur. Və bunun özü də bizim Güney Azərbaycandakı mübarizəmizin inkişafına, güclənməsinə pis mənada çox ciddi təsir edir. Digər tərəfdən burada bir məsələ də var ki, Güney Azərbaycanda bütün siyasi qüvvələrin qəbul etdiyi vahid lider də yoxdur. Yəni müxtəlif partiya sədrləri var, müxtəlif formalarda önə çıxan şəxslər var ki, onları cəmiyyətin siyasi təşkilatlarının bir neçəsi qəbul etsə də, digərləri qəbul etmir. Buna görə də vahid lider məsələsinin olmaması Azərbaycanın Güneyində bizim mübarizəmizin axsamasına, güclənməməsinə səbəb olur. Burada bir məsələ də var. Orda digər etnik xalqlar var ki, onların vəziyyəti necədir bəs? Onlar müxtəlif dövlətlər tərəfindən dəstəklənir. Farslar yenə fransızlar tərəfindən dəstəklənir və şahın oğlunun ora qaytarılması məsələsi ortaya qoyulub. Orada  ərəblər Səudiyyə Ərəbistanı tərəfindən, kürdlər həm Qərb, həm də Avropada olan kürd lobbisi tərəfindən dəstəklənir. Amma yeganə Azərbaycan siyasi təşkilatlarıdır ki, heç bir tərəfdən dəstəklənmir. Nə Türkiyə, nə Azərbaycan hakimiyyəti tərəfdən onlara ciddi dəstək var. Mən düşünürəm ki, həm Azərbaycan hakimiyyəti, həm Türkiyə dövləti Azərbaycanın Güneyində fəaliyyət göstərən Azərbaycan türklərinin cəmləşdiyi təşkilatlara istər siyasi, istər maddi,  mənəvi, istər təşkilati və  informasiya dəstəyi verməlidirlər. Bunu etmək bizim borcumuzdur. Bu dəstək verilərsə, Azərbaycan türklərinin apardığı mübarizə də güclənər, orada vahid təşkilatın formalaşması da ortaya çıxar, vahid təşkilat da yaranar və bir liderin ortaya çıxması ilə nəticələnər. Təəssüf ki, bu dəstəklər olmadığına görə biz mübarizədə digər xalqlardan geri qalmasaq da,  çoxluq olmamıza baxmayaraq irəli gedə bilmirik.

Biz əvvəllər də dəfələrlə müraciət etmişik, təklif etmişik ki, təcili Azərbaycanın güneyindəki bütün siyasi təşkilatlar birləşib, Güney Azərbaycan parlamentinin məclisini qurmalıdırlar. Bu yolda əvvəllər də, son dövrlərdə də cəhdlər oldu. Amma gördüyünüz kimi, ciddi bir nəticə yoxdur. Çünki siyasi qüvvələrin arasında olan yaxınlaşma həm daxili, həm xarici dəstəyin olmaması səbəbindən  çox zəifdir və siyasi qüvvələr bir araya gəlməkdə çətinlik çəkir. Orada həm korparativ maraqlar, həm də müəyyən qədər qısqanclıq var”.(baki-xeber)

Məhəmmədəli QƏRİBLİ

Related Articles

Bir cavab yazın

Back to top button