Azərbaycanİran

Canını qurtarmaq üçün İstanbula sığınmış məşhur Cənubi Azərbaycan jurnalisti… – MÜSAHİBƏ

Elyar Kamrani: “Tələbə olanda molla rejimi tərəfindən üç dəfə həbs olunmuşam, ondan sonra da on dəfəyə yaxın tutulmuşam, ağır zindan həyatı yaşamışam”

“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz Qaradağın Əhər şəhərində anadan olan Azərbaycan Mərkəz Partiyasının üzvü, araşdırmaçı jurnalist Elyar Kamranidir. Fars-molla rejiminin zülmündən, təzyiqlərindən cana doyan Elyar Kamrani 2019-cu ildə Türkiyənin İstanbul şəhərinə mühacirət etmək məcburiyyətində qalıb.

Hazırda Türkiyədə yaşayan və burada daha çox ictimai-siyasi, jurnalistik fəaliyyətlə məşğul olan Elyar Kamrani ilə vatsap üzərindən əlaqə saxladıq. Elyar bəy əvvəlcə özü, ailəsi, təhsili barədə danışdı.

  • Güneydəki evlərimizə, mal-mülkümüzə Tehran rejimi tərəfindən əl qoyuldu, varidatımız əlimizdən alındı”

– 1979-cu ildə Qaradağ mahalının Əhər şəhərində doğulmuşam, ilk və orta təhsilimi Əhərdə almışam, Urmu universitetini isə baytarlıq ixtisası üzrə bitirmişəm. Sonra əsgərliyə getdim, oradan qayıdandan sonra isə hüquq təhsili aldım. 16 il Əhərdə baytar işləmişəm. 2019-cu ildə isə İstanbula köçmək zorunda qaldım. İki övladım var və həyatımızı burada davam edirik.

– Sizin ailədən də molla rejiminin təzyiqinə məruz qalanlar olubmu?

– Mən böyük bir ailədə doğulmuşam, 6 qardaş, 2 bacı olmuşuq. Ailəmiz təhsilli olub. Rəhmətlik atamız bizə şairlərimizdən Mirzə Ələkbər Sabirin, Füzulinin, başqa şairlərin şeirlərini oxuyurdu. Bu da bizim ailəlikcə milli ruhda olmağımıza səbəb olub, milli ruhlu, milli düşüncəli ailə olmuşuq. Ona görə də bu yolda olmuşuq, bu ideya uğurunda mübarizə aparmışıq. Biz Güney Azərbaycanda yaşadığımız dövrdə müxtəlif vaxtlarda molla rejimi tərəfindən basqıya məruz qalmışıq, zindana düşmüşük, həbslərdə olmuşuq. Böyük qardaşım Saleh Kamrani 2 ildən çox zindanda olub, əzab çəkib.  Sonra həyatını İsveçdə davam etdirməyə məcbur olub. Əlbəttə, Vətəndən köçüb getmək barədə qərar qəbul etmək çox çətindir, amma bizlər bu addımı məcburiyyət qarşısında qalıb atmışıq. Ailəmiz molla rejimi tərəfindən saysız basqılara məruz qalıb.

– Demək İstanbula da molla rejiminin basqıları üzündən mühacirət etmisiniz…

– Bəli. Mən 2019-cu ildə İstanbula gəldikdən sonra Aznyus.TV-nin icraiyyə müdiri olaraq fəaliyyət göstərirəm. Habelə Azərbaycan Mərkəz Partiyasının Mərkəzi Şurasının üzvüyəm. Burada fəaliyyət göstəririk. Güneydə olduğumuz dövrdə də, təhsil illərində də fəaliyyətdə olmuşuq, orada milli dildə qəzetlər, dərgilər çıxarırdıq. Tələbə olanda molla rejimi tərəfindən üç dəfə həbs olunmuşam, ondan sonra da on dəfəyə yaxın tutulmuşam, ağır zindan həyatı yaşamışam. Biz fəaliyyətə başladığımız vaxtdan Tehran rejimi, hakimiyyəti tərəfindən müxtəlif təzyiqlərə məruz qalmışıq, dönə-dönə zindana düşmüşük. Dediyim kimi, rəhmətlik atamızın bizə sevdirdiyi, şeirlərini öyrətdiyi şairlərin şeirlərinin düşüncəsində qaldıq. Qaradağ mahalı elə bir bölgədir ki, orada türkçülük çox güclü inkişaf edib. Burada aşıq sənəti də geniş yayılıb. Qaradağ Səttarxanı və bir çox siyasiləri, fikir adamlarını, tarixi şəxsiyyətləri yetişdirən torpaqdır. Biz həm öz müəllimlərimizin, həm də ətrafımızda olanların təsiri ilə bu yola qədəm qoymuşuq və fəaliyyət göstəririk.

– Bu yolda siz də, digər soydaşlarımız da çox əzab çəkib. Hansı hadisədən sonra məhz mühacirət etmək qərarına gəldiniz?

– Aznyus.TV və AN.T televiziyası fəaliyyətə başlayandan sonra bizə qarşı basqılar çoxaldı, bizi həbs etdilər, bizə çox ağır ittihamlar irəli sürdülər. Bizi heç dəxli olmayan məsələlər üzrə ittiham etdilər. Elə şərait, elə vəziyyət yaratdılar, basqıları o qədər artırdılar ki, bizim Güneydə qalmağımız get-gedə çətinləşdi. Biz də məcburiyyət qarşısında girov qoyub çıxdıq və Türkiyəyə gəldik.

– Sonra qoyduğunuz girovun taleyi necə oldu?

– Qoyduğumuz girov molla dövləti tərəfindən zəbt edildi, mənimsənildi. Türkiyəyə gəldikdən sonra İstanbulda Aznyus.TV və AN.T-nın kollektivində fəaliyyət göstərməyə qərar verdim. Onunla yanaşı da Azərbaycan Mərkəz Partiyasının Mərkəzi Şurasının üzvüyündə təmsil olunuram. Türkiyədə həm  ictimai-siyasi fəaliyyətimi davam etdirirəm və həm sosial mediada, həm mətbuatda, televizyada fəaliyyət göstərirəm. Əlimdən gələn dərəcədə işlər görürəm.

– Vətəndən zorla didərgin salınmağın ağrısı çox böyükdür…

– Heç bir şəxs istəmir ki, məcburən öz doğulduğu yeri tərk edib sürgün həyatı yaşasın. Güney Azərbaycanda istənilən adam nəinki siyasi fəaliyyət göstərsə, hətta kültürəl fəaliyyət göstərsə belə molla rejimi tərəfindən basqılara məruz qalır. Dediyim kimi bizim ailə, şəxsən mən özüm dəfələrlə basqıya mərzuq qalmışam, rejim tərəfindən tutulmuşam. Hətta ailəmin, uşaqlarımın gözü qarşısında məni tutub qollarımı bağlayıb əziyyət ediblər, həbsə atıblar, çox işgəncələr görmüşəm. Yalnız özümüz deyil, eyni zamanda ətrafımızdakılar da, ailələmiz də əziyyət çəkdilər. Biz televizyanı açandan sonra təzyiqlər daha da gücləndi, basqınlar oldu, həm maddi, həm mənəvi ziyan çəkdik, ailəmizdən uzaq qaldıq. Güneydəki evlərimizə, mal-mülkümüzə Tehran rejimi tərəfindən əl qoyuldu, varidatımız əlimizdən alındı. Bu da maddi olaraq zərərdir. Mənəvi ziyan da odur ki, Vətənimizdən uzaqdayıq. Amma sürgündə mücadiləmizə davam edirik.

–  Siz Türkiyəyə, qardaşınız İsveşə mühacirət edib. Başqa əqrabalarınız da bu taleyi yaşayırmı?

– Böyük qardaşım Saleh Kamrani vəkil idi, on il bu sahədə çalışdı. Amma milli faəl olduğu və bu yöndə fəaliyyət göstərdiyi üçün müxtəlif vaxtlarda molla rejimi tərəfindən həbs edildi, həyatı təhlükəyə düşdü. Dediyim kimi, məcbur olub 2009-cu ildə vətəni tərk edib İsveçə getdi, hazırda orada sürgün həyatını davam edir. O da ailəsi ilə bərabər uzaqdan da olsa mücadiləsinə davam edir. Azərbaycan Mərkəz Partiyasının başqanı, Aznyus.TV və AN.T-nın qurucusu və müəssisidir. Məndən kiçik qardaşım da əvvəlcə təhsil almaq üçün Türkiyəyə gəlmişdi. Sonra o da məcbur olub Finlandiyaya mühacirət etdi və sürgün həyatı yaşayır. Mən Türkiyədə, böyük qardaşım İsveçdə, məndən kiçik qardaşım isə Finlandiyada sürgün həyatı yaşayır.

– Bu yolda olmaqdan təəssüfləndinizmi heç?

– Qətiyyən. Biz bu yola qədəm qoyduğumuz gündən and içmişik ki, bu mübarizədə öldü var, döndü yoxdur. Basqılara rəğmən biz Güneydə də fəaliyyət göstərirdik.

– Mühacir həyatı yaşamağın çətinliyi nədir?

– Vətəndən uzaqda, sürgündə yaşamağın ağırlığı çox böyükdür. Ailədən uzaqda qalmağın əziyyəti ilə yanaşı insanın gəlib düşdüyü cəmiyyətə inteqrasiya olunması da bir ayrı çətinlik yaradır. Bunu daha çox bu taleyi yaşayanlar bilir, hiss edir. Mühacir, sürgün həyatı yaşamadan bunu hiss etmək çətindir. Mühacir həyatının ağırlığını həm özümüz, həm ailəmiz, uşaqlarımız maddi və mənəvi olaraq çəkir. Yeni həyata alışmağımız ayrı çətinlik olur. Bütün məsələlərə baxmayaraq ictimai siyasi fəaliyyətimizə davam edirik, qəzetçiliklə məşğul oluruq, proqramlar hazırlayırıq, yazırıq. Partiyada, televizyada işləməklə mübarizəmizi davam etdiririk. Ailəmizin üzvləri də məcburi qaçqın, mühacir həyatını yaşamaqdadırlar. Bu da çox ağır məsələdir, bu ağırlığı da hər zaman hiss edirik. Bu yolun, bu mübarizənin də çətinliyi odur ki, bu həyatı yaşamağa məcbursan, o zamana qədər ki, özün, ailən, millətin bir səadətə çata bilsin.

– Sizi öz evinizdən didərgin salan molla rejimi bu gün soydaşlarımıza zülm edir, onlara qarşı edamlar, həbslər həyata keçirir. Bunları eşitmək sizə necə təsir edir?

– Biz molla rejiminin necə zalım olduğunu, necə ədalətsiz davrandığını, necə ayrı-seçkilik qoyduğunu görmüşük, bunu yaşamışıq. Təbii, biz də həyatımızda o zülmlərə məruz qaldıq, çətinlik çəkdik. Molla rejimi ədalətsiz, zalım olmasaydı heç bizin siyasi fəaliyyətimizə gərək qalmazdı. Bu zülmləri görüb bu meydana çıxmışıq. Son zamanlar da soydaşlarımıza qarşı basqılar, zülmlər get-gedə çoxalır. Hər bir xalqını sevən, azadlıq sevən insan bu xəbərləri eşidəndə təbii olaraq çox üzülür. Eyni zamanda da mücadiləsinin haqlı olduğuna inanır və əvvəlkindən də daha güclü fəaliyyət göstərməyə qərar verir. Bu gün təəssüf ki, molla rejimi mövcuddur, o var olduqca da bu basqılar, bu zülmlər, bu edamlar davam edəcək. İnsanlarımız, milli fəallarımız, xalqımızın nümayəndələri toplu halında bir qərar verir ki, mücadiə davam edəcək, dirəniş göstəriləcək, o halda onların zülmləri də azalacaq, insanların da vicdanı rahat olacaq ki, zülmün qarşısında  aciz qalmayıb, zülmə qarşı mübarizə aparıblar. Eşidəndə ki, dostlarımızı, milli fəallarımızı tuturlar, molla rejiminin mənim başıma açdığı bəlalar yadıma düşür. Orada nə zülmlər çəkmişik, necə təhqir olunmuşuq, hansı zillətlər çəkmişik, işgəncə görmüşük, necə bizi ailə qarşısında əziblər, hamısı gözümün qarşısından keçir. Biz mədəni fəaliyyət göstərəndə bizi başqa suçlarla günahlandırırdılar. Rejimin necə zalım və haqsız olduğunu görürük, dünya buna laqeyd qalmamalıdır. Arzu edirəm ki, xalqımızın haqlı mübarizəsi qələbə çalsın, molla rejimi tamamilə İran coğrafiyasından silinsin, xalqlar, millətlər özgürlüklərinə qovuşsunlar.

– Bu gün Tehran rejiminin əleyhinə soydaşlarımız aksiyalar keçirir, təzyiqlərə baxmayaraq geri çəkilmirlər. Bu mübarizənin sonunu necə görsünüz? Müsbət nəticə olab bilərmi?

– 4 aydan çoxdur ki, bütün millətlər var gücləri ilə keçmiş təcrübələrinə dayanaraq mücadilələrini davam edirlər. Əvvəlki aylara nisbətən etirazçıların sayı az olsa da, amma mücadilə var, insanlar rejimlə qarşı-qarşıya dayanmaqda davam edirlər. Bu gün insanlar İran coğrafiyasında hər cür işgəncələr görürlər, qollarını, gözlərini itiririrlər, zindanlara düşürlər, edam olunurlar, işlərini itirirlər, ailələrindən uzaq düşürlər. Bir sözlə, hər cür əzab çəkirlər. Bu mübarizə sona qədər davam edərsə mütləq mənada müsbət nəticəsi olacaq. İndiki şəraitdə orada yaşayan xalqlar bu hakimiyyəti, bu rejimi aradan çıxarmaq üçün ciddi fəaliyyət göstərirlər. Bu onu göstərir ki, bu hərəkatın gec də olsa nəticəsi yaxşı olacaq, hər bir millət öz müqəddəratını təyin edib hakimiyyətini quracaq, öz xalqı ilə azad olacaq, ədalət içində yaşayacaq. Çox ümidliyəm ki, yaxın gələcəkdə bu fəaliyyətlərin nəticəsini əldə edəcəklər…Hər millət qələbə üçün qanını-canını verməlidir, buna da bizim millətimiz qərarlıdır. Orada bizdən başqa yaşayan  millətlər də bunda qərarlıdırlar. Müşahidələr onu göstərir ki, bu hərəkat bir nəticəyə varacaq.(baki-xeber)

İradə SARIYEVA

Related Articles

Bir cavab yazın

Back to top button