Bölgə

Ermənistanda müxalif deputat həbs oluna bilər

Ermənistan Baş Prokurorluğu parlamentin spikeri Alen Simonyana “Hayastan” fraksiyasının deputatı Armen Çarçyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün vəsatət təqdim edib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Vəsatət deputat barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə qərarla müşayiət olunub. Bu, Baş Prokurorluğun müxalif deputatın toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə ikinci müraciətidir. Qeyd edək ki, yanvarın 20-də “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın işi ilə də bağlı müvafiq vəsatət verilib.

İş materiallarına görə, Çarçyan ağır və xüsusilə ağır cinayətdə şübhəli bilinən A.S. adlı bir şəxsə qarşı cinayət işi üzrə tibbi kollegiyaya ekspert qismində daxil edilib. İttiham tərəfinin dediyinə görə, o, məhkəmə-tibbi ekspertizasının saxta rəyinə imza atıb.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, deputata qarşı cinayət təqibi yalnız parlamentin razılığı ilə başlana bilər. Ermənistanda “İzmirlyan Tibb Mərkəzi”nin keçmiş direktoru, professor Armen Çarçyan bundan əvvəl də rüşvət almaqda və seçicilərə təzyiq göstərməkdə suçlanmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button