Azərbaycanİran

İranda anti-molla üsyanı misilsiz vüsət aldı

İran rejiminin bütün cəhdlərinə baxmayaraq, hələ də ölkədə etiraz aksiyalarının, milli xarakterli çağırışların qarşısını almaq mümkün olmayıb. Bu fonda sosial mediada paylaşılan videolarda Təbriz stadionunda futbol matçı zamanı “Traktor” komandasının tərəfdarları tərəfindən “Azadlıq, ədalət, milli hökümət” şüarının səsləndirildiyi görünür.

Keçən sentyabr ayında İranda baş qaldıran kütləvi etirazlardan sonra, xüsusilə Güney Azərbaycanda populyarlaşan şüar Təbrizin “Traktor” və Kirmanın “Mis” komandaları arasındakı matç zamanı səsləndirilib. “Azadlıq, ədalət, milli hökümət” şüarı ilk dəfə 2021-ci ilin iyul ayında İranın ərəb icmasının yaşadığı Əhvaz bölgəsindəki su qıtlığı ilə əlaqədar etirazlara dəstək məqsədilə Təbrizdə keçirilən aksiyalar zamanı populyarlaşıb. Şüar, İran Azərbaycanından əlavə, ölkənin digər bölgələrində yaşayan türklərin də diqqətini çəkib. Keçən ilin oktyabr ayında Şirazda Qaşqay türklərinin tanınmış alimi Əsədullah Mərdani Rəhiminin dəfn mərasimində bir qrup Qaşqay türkü eyni şüarı səsləndirib. İranda “türk kimliyinin simvolu” kimi tanınan Təbrizin “Traktor” futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib. Eləcə də “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər. Xalqın artan narazılığı fonunda, son məlumatlara əsasən, İranı yenidən kütləvi aksiyalar bürüyüb. Tehran, Kərəc, Ərdəbil, Zahidan, Bəndər Abbas, Hörmüzgan vilayətlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları artıq siyasi tələblər irəli sürərək, hakimiyyətdə təmsil olunan şəxslərin deyil, bütövlükdə İranın siyasi quruluşunun dəyişməsini tələb edirlər. Ötən ilin sentyabrında 22 yaşlı gənc qızın polis zorakılığına məruz qalaraq həyatını itirməsindən sonra etiraz aksiyası keçirən insanlar qadınlara azadlıq istəyərək diktatorun istefasını tələb edirdilərsə, bu gün bu tələblər dəyişib. Siyasi müşahidəçilər hesab edirlər ki, aksiyaların ilk günlərində hakimiyyət qan tökməklə insanları qorxudub yerinə oturdacağını düşünürdü. Çünki inqilabdan sonra İranın siyasi həyatında insanların haqlı tələblərinin qarşısını qan tökməklə almaq təcrübəsi var. Bu təcrübədən istifadə və insanları xarici dövlətlərin casusu adlandırmaq, eyni zamanda, siyasi məhbusları edam etmək heç də ictimai-siyasi sabitliyin bərqərar olmasına deyil, onun tamamilə pozulmasına gətirib çıxardı. Bu gün İran hakimiyyəti ictimaiyyətdə tanınmış və nüfuza malik olan şəxsləri həbs edir ki, bu da insanlarda hakimiyyətə qarşı nifrət hissi oyadır. Məsələn, Tehran Universitetinin professoru sosioloq Məhəmməd Zəbəkalımın sosial şəbəkələrin birində status yazdığına görə həbs edilməsi tələbələrin kəskin etirazına səbəb olub. Məhkəmə tələbə etirazından çəkinərək professoru azad etmək məcburiyyətində qalıb. Onun günahi isə, sadəcə olaraq, İranda islahatların keçirilməsinin zəruriliyini bildirməsi idi. Bütün bunlardan başqa, İrana qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi sosial vəziyyəti daha da gərginləşdirib. Qiymətlərin sürətlə artması və inflyasiyanın səviyyəsinin hər gün yüksəlməsi ailələrin, necə deyərlər, var-yoxdan çıxmasına səbəb olub. ABŞ dollarının kursunun artmasının qarşısını iqtisadi tədbirlərlə almaq əvəzinə, hakimiyyət insanların gözünə kül üfürərək, bankdan kənarda dollar mübadiləsi ilə məşğul olub cüzi qazanc əldə edənləri tutur və görüntü yaratmaq xatirinə səs-küylü məhkəmə prosesləri keçirərək, xalqa dolların kursunu yüksəldən şəxslərə qarşı mübarizə apardığını göstərməyə çalışır.

Yuxarıda qeyd edildiyi kimi, artıq yeddinci aydır davam edən aksiyalarda tələblər də dəyişib. İranda kütləvi aksiyaların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Görünən odur ki, İran bundan sonra çətin özünə gəlib, regionda hegemonluq etmək iddiasinı davam etdirə bilsin. İranda hakimiyyətin həyata keçirdiyi həbslər, edamlar və xarici dövlətləri ittiham etmək vəziyyəti nəinki düzəltməyəcək, əksinə, daha da mənfi istiqamətə yönəldəcək. İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində Forumunda “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı məsələnin bu tərəfinə toxunarkən qeyd edib: “İran beynəlxalq ictimaiyyətə yalan danışır. Hətta onlar öz insanlarına belə yalan danışır. İranda olan xaos artıq 7 aydır ki, davam edir. Biz görürük ki, İranda qadınlar məktəblərdə zəhərlənir. Oradakı qadınlar azadlıq istəyir. Bütün dünya ictimaiyyəti gözünü açıb İranda baş verənlərə, etiraz edən, zəhərlənən, haqları uğrunda mübarizə aparan qadınlara baxmalıdır”. Bu arada onu da xatırladaq ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verir. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. Rejim buna qarşı mübarizə apardığını bildirsə də, ortada real nəticə yoxdur. Bu da əhalini getdikcə daha çox qəzəbləndirir.(bakı-xeber)

 

Related Articles

Bir cavab yazın

Back to top button