İran

İranda iqtisadi böhran insanların yaşam şəraitini çətinləşdirib

1399-cu ilin sonlarına doğru növbəti ilin dövlət büdcəsi və ən az əmək haqqının müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb. Bu il də Ali İş Şurasının toplantılarından sonra 1400-ci ilin minimum maaşının məbləği bəlli olub. Belə ki, yeni qərara əsasən, gələn il İranda minimum aylığın həcmi 2 milyon 655 min tümən təyin edilib. Bununla da 3 nəfərlik bir ailənin aylıq gəliri ortalama 4 milyon tümən müəyyənləşdirilib. Belə ki, bir çox etirazlardan sonra İş, Əməkdaşlıq və Sosial Rifah Vəzirliyi işçilərin əmək haqlarının yüzdə 39 artırılmasına dair qərar verib. Buna baxmayaraq, bu göstəricinin kifayət qədər yüksək olduğu iddia edilsə də, ölkədəki mövcud durum və bahalıqla müqayisədə bu, elə də böyük rəqəm deyil. Bir neçə sahədə isə əmək haqları yüzdə 26 yüksəlib. İslam Əmək Şurasının Maaş Komitəsinin başqanı Fəramərz Tofiqi deyib ki, yaşayış səbəti xərclərinin minimum həcmi 6 milyon 850 min tümən olmalıdır. 1399-cu ildə isə bu göstəricinin 4 milyon 940 min tümən olacağı bildirilib. Hazırda İranda iş tapıb gəlir əldə etmək, hətta çalışdığın iş yerindən düzənli aylıq ala bilmək imkansız olub.
Qeyd edək ki, koronavirus böhranının yaranması ilə yüzlərlə iş yeri və fəaliyyət sahələri bağlanıb, minlərlə insan yeganə gəlir mənbəyini itirib. Qısacası, bu ölkədə yaşamaq belə artıq çox çətindir. İran məsullarına görə isə durum heç də belə deyil. Misal üçün, Həsən Ruhani ötən həftə İran iqtisadının Almandan daha yaxşı durumda olduğunu açıqladı. Dövlət başçısı koronavirusla mübarizə çərçivəsində ölkədə icra olunan tədbirlərin önəmli rola sahib olduğunu və İranın bu mənada bir sıra başarıya imza atdığını bildirdi. O, hətta bu barədə dərsliklərdə bəlli məqamların qeyd olunmasının vacibliyini də vurğulayıb. Səngimək bilməyən qiymət artımı yönündə əhalinin üzləşdiyi başqa çətinliklərin başlıca səbəbinin nə olması ilə bağlı suallara isə cavab tapmaq mümkün deyil.
İran məsulları da öz növbəsində, bəlli vasitələrlə ölkə iqtisadiyyatını ayaqda saxlamağa çalışırlar. Əli Xameneinin atdığı addımlarla bağlı da vəziyyət eynidir. Ölkə rəsmisi dəfələrlə bir sıra problemləri dilə gətirməklə, iqtisadi durumdan gileylənsə də, sanki vəzifəyə təyin etdiyi şəxslərin problemlərin həlli ilə bağlı bəlli öhdəlikləri yoxdur. İran əhalisi özəlliklə Bahar bayramı ərəfəsində yaşadığı çətinliklərdən şikayətlənsə də, hakimiyyətin propaqanda maşını tam gücü ilə yoluna davam edir. Məsələn, ötən gün televiziyona müsahibə verən bir sağlıq işçisi koronavirusla ilgili insanların toyuq və toyuq əti məhsullarından istifadə etməməsi ilə bağlı tövsiyələrini vermişdi. Sözügedən savaş ictimai qınağa səbəb olsa da bu, İranda yayqın olan bir teknikadır. Bundan başqa, məsulların böyük bir hissəsi ölkədəki mövcud durumu danaraq, başqa dünya ölkələrinin fəlakətlə üzləşdiklərini bildirirlər. Həmin şəxslər əhaliyə müraciət edərək, onları daha güclü və dözümlü olmağa çağırırlar. Ancaq insanların ən təməl ehtiyaclarını belə qarşılamaq imkanına sahib olmadığı halda, nəyə və kimə görə dözümlü olacağı diqqətdənkənar qalır. Ölkənin Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif əslində aylar öncə məsələyə bir aydınlıq gətirib. Xatırladaq ki, o, “biz özümüz belə yaşamağı seçmişik” deyərək, insanlar arasında yaşanan bu fəlakəti normal bir hal kimi qiymətləndirmişdi. Ancaq İran əhalisi harada və nə zaman fürsət tapa bilməsindən asılı olmayaq, etiraz səsini ucaltmağa müvəffəq olub. Ölkədəki bu vəziyyəti kənardan izlədikdə, İranda əməklilərin də bir sıra müşküllərlə üzləşdiyini demək mümkündür. Sözügedən məsələ ilə ilgili etiraz əlaməti olaraq əməklilər Təbrizdə mitinq keçiriblər. Ancaq əmniyyət qüvvələri etirazçılara müdaxilə edib. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, İranda insanlar yaşamaq üçün mücadilə aparırlar. İran rəsmiləri əhalinin ümumi durumunun yaxşılaşdığını iddia etdiyi halda, insanlar gündəlik ərzaq ehtiyacını belə təmin edə bilmir. Bu zülmə dözməyib, etiraz edənlər isə sərt şəkildə cəzalandırılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button