Azərbaycanİran

Saleh Kamrani nüvə proqramı ilə bağlı keçirilən vebinarda çıxış edib

Xəbər verdiyimiz kimi, fərvərdinin 25-də “İranın nüvə anlaşmasının Orta Şərqə təsiri” adlı uluslararası vebinar keçirilib. Tədbir Avropa Xalq Partiyası, Azlıqların Difası üzrə Avropa Birliyi və İranda Terror Rejimindən Zərərçəkmiş Xalqlar Koalisiyasının təşkilatçılığı ilə baş tutub. Vebinarda Azərbaycan Mərkəz Partiyasının rəhbəri, insan haqları üzrə vəkil Saleh Kamrani məruzə ilə çıxış edib. Saleh Kamrani İranın nüvə proqramının təkcə bölgə üçün deyil, bütün dünya üçün ciddi təhlükə olduğunu açıqlayıb. Onun sözlərinə görə, diplomatik səylərin birləşdirilməsi, habelə İran rejiminin əsas stratejisinin müəyyənləşdirilməsi sülh və sabitliyinə təhdid olan addımların qarşısının alınmasında önəmli rola malikdir. Saleh Kamraninin çıxışından bir hissəni təqdim edirik:

“İranın nüvə proqramı təkcə bölgə üçün deyil, bütün dünya üçün ciddi bir problemdir. Amerikanın keçmiş prezidenti Donald Trampın göstərişi ilə tətbiq olunmuş təhrimlər, nəzərdə tutulan bir sıra siyasi-iqtisadi tədbirlər və s. İranın bu addımlarının qarşısını almaqda təsirli olmayıb. Bu nöqteyi-nəzərdən, İranı durdurmağa hədəflənən tədbirlər kompleks şəkildə həyata keçirilməli və müəyyən zaman aralığında maksimum gücləndirilməlidir. Bundan başqa, İranın əsas stratejisini müəyyən etmədən, bu ölkənin gerçəklərini anlamadan bu problemin qarşısını almaq mümkün deyil. Yəni, İranın əsas məqsəd və məramını bilmək mütləqdir. Hazırda İran rejiminin mahiyyətini 3 əsas ünsür əks etdirir. Bunlar panşiəizm, panfarsizm və bu ölkənin terrorizm siyasətidir. Bu 3 ünsür dünyada çaxnaşmalara və qarşıdurmalara nədən olur. Sentralist, yəni keçmiş düşüncə tərzinə əsaslanan mövqe mahiyyət etibarilə İran rejimi ilə eyniyyət təşkil edir. İranın mövqeyini bilmədən, Güney Azərbaycan milləti və fəallarının mübarizəsinə bələd olmadan İranın atom silahından istifadəsini önləmək qeyri-mümkün görünür.
Bir məqamı nəzərdə saxlamaq lazımdır ki, İran günbəgün Rusiya və Çinlə münasibətlərini normallaşdırmağa səy edir. Hazırda ən aktual məsələ İranın atom silahından istifadəsinə mane olmaq, başqa bir məsələ ilə qeyri-fars millətlərin mütəşəkkil addım atmasına imkan yaratmaqdır. Bu gün Azərbaycan Mərkəz Partiyası olaraq, bizim üçün də bu məsələnin qısa müddətdə həlli aktual mövzulardandır.
Unutmamalıyıq ki, bu gün İranda çox sayda qeyri-fars millətlərinin nümayəndələri yaşayır. Onların doğma dilləri ilə bağlı hüquqları təmin olunmazsa, azadlıqlarının difasını nəzərdə tutan bir sıra problemlər aradan qaldırılmazsa bu məsələ öz həllini tapmayacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button