Azərbaycanİran

Təbriz orta əsrlərdə – Elxanilər dövləti (1256-1335)

Orta əsrlərdə Təbriz şəhərinin inkişafı Elxanilər dövründə (1256-1335) zirvəyə çatmışdı. Təbrizi paytaxt elan edən Elxani dövləti XIII-XIV əsrlərdə hakimiyyətini İraq və mərkəzi Anadoluya qədər yaya bilmişdi.

Bu dövrdə Azərbaycan bölgəsinə çoxlu sayda türk əhali yerləşdirilmişdi. Azərbaycanda səlcuq türklərinin gəlişi ilə başa çatan türkləşmə prosesi Elxanilər zamanında daha da qüvvətləndi. Elxanilərdən sonra Azərbaycan və qonşu ərazilərdə də türk dili ümumxalq dilinə çevrilmişdi.

1256-cı ildə Təbrizin, 1258-ci ildə Bağdadın işğalından sonra Hülakü xan Azərbaycana tərəf yol aldı və Marağaya yerləşdi. 1263-cü ildə Quzey Qafqazda Qızıl Orda (1226-1506) xanı Bərkay birliklərini məğlub etdikdən sonra isə Təbrizə geri döndü. Hülakü öz sülaləsinin hakimiyyəti zamanında xeyli inkişaf edən Marağanı paytaxt elan etdi. Onun dövründə dövlət mərkəzi seçilən Marağaya Nəsrəddin Tusi başda olmaqla dövrün məşhur elm adamları toplandı. Abaqa xan dövrünün (1265-1282) ilk illərində Təbriz Misir sərhədlərindən Amu-Dərya çayına qədər uzanan böyük Elxanilər dövlətinin rəsmi paytaxtı elan edildi. Məhəmməd Olcaytunun zamanında (1304-1316) Sultaniyyə paytaxt olsa da, Elxanilər zamanında Təbriz paytaxt olaraq qaldı. Bu dövrdə Təbriz əhəmiyyətli siyasət və mədəniyyət mərkəzinə çevrilmişdi.

Elxanilər zamanında vergi sisteminin ağırlığı digər məmləkətlərə nisbətən burada daha çox hiss edilmişdi. Elxani vəziri Rəşidəddin Təbriz kimi mərkəzi şəhərlərin əhalisinin vergi məmurlarının təzyiqlərindən qaçdıqlarını, şəhərdə qalanların evlərini bağlayaraq qapı yerinə pəncərədən girib-çıxmaq kimi hiylələrə əl atdıqlarını söyləyir.

Təbriz ən parlaq dövrünü Qazan xanın hakimiyyəti illərində (1295-1304) yaşamışdır. Şəhər böyük bir ölkənin paytaxtı olmaq üçün lazım olan gücə bu dövrdə sahib oldu. Qazan xan 25 iyul 1295-ci ildə Təbrizə daxil oldu, şəhərin qərbində Acı çayın sol sahilindəki Şam kəndində Arqun xan tərəfindən inşa etdirilən saraya hücum etdi və dərhal bütxanaların, kilsələrin, sinaqoqların dağıdılmasını əmr etdi.

Elxanilər zamanında Təbriz dövrün ticarət və mədəniyyət mərkəzi olmaqla yanaşı, eyni zamanda dövrünün ən böyük şəhərlərindən biri idi. Bazarlarda hər cür əşya asanlıqla tapılırdı. Təbriz ticarətin və müxtəlif sənətlərin inkişaf etdiyi ən zəngin mərkəzlərdən birinə çevrildi. Elxanilər zamanında Təbriz şəhərinə aid vergilərin məbləği az qala İngiltərə və ya Fransa krallıqlarından hər birinin büdcəsinə bərabər idi. Bu dövrdə Təbrizdə böyük abadlıq işləri görüldü, şəhərin şimal-şərqində Rəşidiyyə (Rəbi-Rəşidi) adlı böyük bir təhsil və araşdırma mərkəzi yaradıldı. Qeyd edək ki, Yaxın Şərqdəki şəhərsalma tarixində Rəşidiyyə unikal memarlıq abidəsi idi. Burada dünyanın fərqli məmləkətlərindən gələn 450 elm adamı çalışır və 7
min tələbə təhsil alırdı.

Elxanilər dövründə Rəbi-Rəşidi məhəlləsində rəsədxana, məscidlər, mədrəsələr, türbələr, xəstəxanalar, kitabxanalar, hamamlar, karvansaralar, bazarlar inşa edildi.

Qeyd edək ki, hazırladığımız tarixi məqalələrin “Təbriz orta əsrlərdə” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button