Dünya

UKRAYNA ATƏŞKƏSƏ GEDİR? – Zalujnı “dalana dirənmişik” deyir, Prezident Ofisi susur

Son olaraq ötən ilin noyabrında Rusiya qoşunları Xerson şəhərindən çıxmağa məcbur olandan bu yana Rusiya-Ukrayna müharibəsində demək olar ki, heç bir ciddi dəyişiklik baş verməyib.

Bu il yayın əvvəlində hamının maraqla gözlədiyi və böyük ümidlər bəslədiyi Ukrayna əks-hücumu isə demək olar, özünü doğrultmadı və hər hansı ciddi uğur əldə edilmədi. Hansı ki, bu əks-hücum əməliyyatı nəticəsində ən azı Azov dənizi sahilinə çıxılması və Krıma gedən əsas yolların nəzarətə götürülməsi, hətta Ukrayna qoşunlarının Krımın girişinə qədər irəliləyə biləcəyi proqnozlaşdırılırdı.

Gözləntilərin özünü doğrultmadığını Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı “The Ekonomist” nəşrində dərc edilən son məqaləsində də etiraf edib. Yeri gəlmişkən qeyd edək ki, kifayət qədər pessimist notlar üzərində köklənmiş bu yazıda Zalujnı ilkin plana görə, 4 ay ərzində Ukrayna qoşunlarının Krıma girməsinin nəzərdə tutulduğunu, lakin ucsuz-bucaqsız mina sahələri, hərbi aviasiyada Rusiyanın üstünlüyü, Radio Elektron Mübarizə vasitələrinin say və keyfiyyət çatışmazlığı və digər səbəblərdən hücumun alınmadığını etiraf edib. Ən əsası isə Zalujnı deyib ki, müharibə dalana dirənib, Birinci Dünya Müharibəsini xatırlatmağa başlayıb və mövqe savaşına çevrilib. General qeyd edib ki, hərb sahəsində texnoloji sıçrayış baş vermədən Rusiyanın möhkəmləndirilmiş müdafiə xətlərini yarmaq mümkün olmayacaq. Bu da bir ilin, iki ilin işi deyil.

Ən əsası isə Zalujnı etiraf edib ki, müharibənin dalana dirənməsi və mövqe döyüşləri xarakteri alaraq, üzücü resurs mübarizəsinə çevrilməsi ümumilikdə Ukraynanın dövlət kimi varlığını təhlükə altında qoyur. Çünki uzun və üzücü müharibədə Ukraynanın hərbi və canlı qüvvə resursları, iqtisadiyyatı, hərbi sənayesi və s. Rusiya ilə rəqabət aparmaq imkanına malik deyil. Bütün bunlar dolayısı ilə müharibənin davam etdirilməsinin mənasız olduğunu etiraf etməkdir.

 

 

Onu da unutmayaq ki, Zalujnı Ukrayna hərbi-siyasi rəhbərliyində ən təmiz reputasiyalı, ən populyar və yüksək reytinqli fiqur sayılır. Hətta ukraynalılar arasında keçirilən bütün sorğular prezidentliyə namizədliyini verəcəyi təqdirdə onun Volodimir Zelenskidən daha çox səs toplayacağını göstərir. Baxmayaraq ki, Zalujnı özü qətiyyən siyasi karyera qurmaq fikrində olmadığını dəfələrlə bəyan edib. Artıq bir çox müşahidəçilər, politoloqlar Zalujnının bu yazısının həm də Prezident Ofisinin mövqeyini əks etdirdiyini bildirirlər. Ən azından görünən odur ki, Zalujnının bu pessimist, uğursuzluq etirafları və gələcəklə bağlı narahatlıqlarla dolu yazısına Ukrayna Prezident Ofisi hər hansı şərh vermir və susqunluq nümayiş etdirir.

Bu arada Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç fəal şəkildə atəşkəs tezisləri ilə çıxış etməyə başlayıb. O, özünün son yayımlarında, müsahibələrində çox yaxşı münasibətlərdə olduğu Zalujnının sözügedən məqaləsindən çoxlu sitatlar gətirir. 

Qeyd edir ki, Baş komandanın öz vəzifəsindən irəli gələrək, deyə bilmədiyi, ancaq demək istədiyi fikir hazırda atəşkəsin ən rasional və məntiqli variant olmasıdır. Arestoviç təklif edir ki, Ukraynaya maliyyə və hərbi yardımların zəiflədiyi, ABŞ başda olmaqla Qərb ölkələrində Ukraynaya dəstəyin davam etdirilməsinin daha tez-tez sual altına alınması, dünyanın ayrı-ayrı nöqtələrində yeni münaqişələrin yaranması, Ukraynaya diqqətin azalması, cəbhədə hər iki tərəfin dalana dirənməsi, eyni zamanda da Rusiyanın öz hərbi sənayesini inkişaf etdirməsi və s. fonunda Rusiya ilə atəşkəs müzakirələrinə başlamaq lazımdır.

 

 

Onun fikrincə bu, Ukraynaya vaxt qazandırar, ən azından 350 minə yaxın ukraynalının həyatını xilas edər, ölkə özünə gələr, iqtisadiyyatını, hərbi sənayesini gücləndirər və Rusiyanın növbəti mümkün hücumlarından daha yaxşı qorunmağa imkan verər. Lakin onun fikrincə, atəşkəs heç də Ukraynanın öz ərazilərindən imtinası mənası daşımır. 

Rusiya ilə danışıqlar masasına da yalnız ABŞ başda olmaqla, aparıcı dünya ölkələrinin təminatları əsasında oturmaq lazımdır ki, Kreml sonradan əldə olunan razılaşmaları poza bilməsin. Həmçinin, Arestoviç hesab edir ki, Ukrayna NATO-nun təhlükəsizlik çətiri altına girməli və Rusiyada hakimiyyət dəyişikliyini gözləməlidir. Çünki indiki Putin hakimiyyəti dövründə Ukrayna hipotetik olaraq 1991-ci il sərhədinə çıxsa belə, bu, müharibənin bitməsi anlamı daşımayacaq. Rusiya hücumları davam etdirəcək.

 

 

Müharibənin birdəfəlik bitməsi və real sülh müqaviləsi üçün Putinin hakimiyyətdən hansısa yolla getməsi, Rusiyada yeni hakimiyyətin qurulması lazımdır. Buna qədər isə atəşkəs eldə edilməlidir. Arestoviç hesab edir ki, Putinin yerinə gələcək hakimiyyət daha adekvat olacaq. 

Onunla işğal olunmuş ərazilərin geri qaytarılmasını müzakirə etmək və iki ölkə arasındakı problemləri siyasi yolla həll etmək imkanı yaranacaq. Nəticə etibarilə Ukrayna öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək şansı qazanacaq. Bütün bunlar üçün isə artıq dalana dirənmiş müharibəni dayandırmaq, atəşkəs elan etmək lazımdır. Arestoviçin fikrincə, Zalujnı son məqaləsində həm də bunu demək istəyib…

Maraqlıdır ki, Zalujnının sözügedən məqaləsinə paralel olaraq, Rusiyada “Levada-Sentr”-in keçirdiyi sorğunun nəticələri açıqlanıb. Rusiya dövlət KİV-lərinin həvəslə yaydığı sorğunun nəticələrinə görə, rusiyalıların 70 faizi(!) müharibənin dayandırılmasının tərəfdarıdır. Hansı ki, ötən ilin iyununda həmin mərkəz rusiyalıların 73 faizinin “xüsusi hərbi əməliyyatı” dəstəklədiyini və onun davam etdirilməsini istədiyini bəyan etmişdi.

 

 

Ancaq eyni zamanda, hazırda müharibənin dayandırılmasını istəyən rusiyalıların 57 faizi işğal olunmuş ərazilərin geri qaytarılmasının əleyhinə çıxıb. Əlbəttə ki, Rusiya kimi idarəçiliyi olan ölkədə, dolayısı ilə Kremlin nəzarətində olan qurumun keçirdiyi sorğunun obyektivliyi şübhə doğurur. Ancaq bir məsələ dəqiqdir ki, bu sorğu və onun nəticələri əslində, Kremlin özünün mövqeyini əks etdirir.

Beləliklə, hadisələrin gedişi və döyüş meydanındakı vəziyyət Ukrayna cəbhəsində atəşkəs perspektivini xeyli aktuallaşdırıb. Lakin bu məsələnin yalnız Zalujnı, yaxud ümumilikdə Ukraynanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həll edilmədiyi də acı reallıqdır…

Related Articles

Bir cavab yazın

Back to top button