DünyaİranMəqalələr

Yaxın Şərqdə müharibə: İranın əsas strateji səhvləri

İran Yaxın Şərqdə qızışdırılmasında birbaşa əli olduğu növbəti müharibədən açıq-aydın geosiyasi qazanclar əldə edib.

Aydındır ki, Ali Rəhbər Xameneinin müşavirləri və İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası tammiqyaslı İsrail-Fələstin münaqişəsinin alovlanmasının nəticələrini və faydalarını əvvəlcədən hesablayıblar.

İsrailin ərəb ölkələri və Türkiyə ilə münasibətlərinin normallaşmasının məhdudlaşdırılması, müvafiq olaraq da yəhudi dövlətinin regional təcridinin bərpasını hesablamaq olduqca asan idi. Lakin iranlı strateqlər İsraildəki siyasi böhranın təsirini – cəmiyyətin parçalanması və dövlət sisteminin imkansızlığını, eləcə də israillilərlə amerikalılar arasındakı ziddiyyətlərin dərinliyini dərk etmələrində çox şişirdiblər. Nəticədə Yaxın Şərqdəki müharibə, ən azı indiyədək İrana yalnız strateji nailiyyətlər deyil, həm də onun üçün son dərəcə arzuolunmaz nəticələr gətirib:

▪️ Mart ayında AZfront qeyd edirdi: “Tehran və İraq, Suriya və Livandakı iranpərəst təşkilatlar İsrailin zəifləməsi ilə yanaşı, cəmiyyətin parçalanmasına görə “qaçılmaz süqutu”nu təbliğ edirlər”. Görünür, Ayətullah rejimi özü də qatı düşməninin acizliyinə və məhvinə inanıb. Lakin Tehranın sponsorluq və idarə etdiyi HƏMAS-nin və “İslami Cihad”ın hücumu İsraildə vəziyyəti kəskin şəkildə dəyişdi: uzun illərdən sonra ilk dəfə olaraq cəmiyyətin konsolidasiyası baş verdi. İsraillilər özlərini tamamilə düşmən bir mühitdə hiss etdilər. Hətta “sol düşərgənin” bir çox tərəfdarları “qonşularla barışıq” illüziyalarından qurtulublar. Müxtəlif siyasi baxışlara malik insanlar anladılar ki, əqidəsindən asılı olmayaraq, onların hamısı məhv olmaq təhlükəsi altındadır. Cəmiyyətdə daxili barışıq və konsolidasiya üçün böyük tələb yarandı. Bu, mediada öz əksini tapır. Nəticədə parlamentdəki “dalaşma”lar, demək olar ki, tamamilə bitib, müxalifət sədri Lapid hakim koalisiyanı tamamilə dəstəkləyir, baş nazir Netanyahu isə hökumətdə sağ və mərkəzçi partiyalara qoşulmaq üçün səylər göstərir.
▪️ 1970-ci illərdən bəri İsrail (1990-cı illərdə – 2000-ci illərin əvvəllərində fasilələrlə) Qəzza zolağında islam amilinin “sakitləşdirilməsi” siyasəti yürüdürdü. Sağçı hökumətlər, hətta islamçıları dəstəkləyərək onları Fələstinli millətçilərə qarşı güc kimi görürdülər. 2009-cu ildən bu, HƏMAS-yə qarşı rəsmi siyasətə çevrilmişdir. Hesab olunurdu ki, o, Qəzza zolağında hökuməti təmsil edərək əhalinin sosial-iqtisadi problemlərinin həllində maraqlıdır; ona görə də onu “yemləyərək” varlığına dözə bilmək olardı. 7 oktyabr hücumu bu anlayışı dəfn etdi. İsrail hökuməti ilk dəfə olaraq Qəzza zolağında HƏMAS-ni məhv etmək məqsədini bəyan edib. Çətin ki, işğalın “memarları” bu cür aydın və qəti reaksiya gözləyirdilər.

▪️ Mart ayında AZfront daxili siyasi böhrana görə İsrail və ABŞ münasibətlərinin nəzərəçarpacaq dərəcədə “soyuduğunu” qeyd etmişdi. Bayden o vaxt Netanyahunun məhkəmə islahatlarının irəliləyişini tənqid etmişdi. O isə, ABŞ prezidentini İsrailin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Onların ilk görüşü Netanyahunun hökumət başçısı vəzifəsini icra etməyə başlamasından 9 ay sonra, o da yalnız BMT Baş Assambleyasında baş tutub. Hətta o zaman KİV-lər onlar arasında gərginliyi qeyd etmişdi. Amma burada da hücumdan sonra hər şey kəskin şəkildə dəyişdi: 7 oktyabrdan bəri Bayden və Netanyahu 5 dəfə telefonla danışıblar; İsrailin baş naziri, demək olar ki, hər gün prezidentə dəstəyinə görə təşəkkür edir və o, oktyabrın 18-də İsrailə gələcək. Dövlət katibi Blinken indi hökumətin müharibə kabinetinin iclaslarında iştirak edir. Eyni zamanda Ağ Ev ərəb ölkələri ilə təmasları kəskin şəkildə gücləndirdi… Amerikalılar 2021-ci ilin avqustunda Kabildən qaçdıqdan sonra iranlılar ruslar və çinlilərlə birlikdə ABŞ-nin Yaxın Şərqi tərk edəcəyinə əmin idilər. Tehran Vaşinqtonun regional siyasətə bu qədər kütləvi qayıdışını heç gözləmirdi.

Yaxın Şərqdə müharibə: İranın strateji nailiyyətləri

Related Articles

Bir cavab yazın

Back to top button