
Müğənni Roza Zərgərlinin oğlu 23 dekabr Bələdiyyə seçkilərində Qaraçuxur bələdiyyəsinə üzv seçilib.
Yeniavaz.com xəbər verir ki, Corc Qafarov bu və digər məsələlərlə bağlı Azxeber.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Corc ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiz…
– Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyə namizəd oldum və qalib gəldim.
– Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalıb gəlmisiz…
– Bunlar hamısı boş sözlərdi, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.
– Dediz ki, aktyorsuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətiniz davam edəcəksiz?
– Bu haqda danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.
– Sizin rəqiblərdən biri tanınmış bloqqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu sizin üçün sürpriz oldu?
– Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Acığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.
– Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiz?
– Onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə bu kifayətdir.