Azərbaycanİran

İran mediasında Azərbaycanı təhdid edən məqalə dərc olunub

İranın "yjc.news" saytı Azərbaycanın öz ərazisini erməni işğalında azad etməsini təhrif edərək, "yiyələnmək" və "ekspansiya" kimi ifadələr işlədib və SEPAH-ın hərbi təlim keçirməsi ilə Azərbaycanın Zəngəzur dəhlizindən qorxub daşındığını iddia edərək təxribat xarakterli başlıq yazıb:

“Tehran və İrəvanın birgə mesajı: Qafqaza yadların müdaxiləsi qadağandır!”.

Yazıda cəfəng fikirlər ortaya qoyulur: “Ermənistanın baş nazirinin Tehrana son səfəri regiondankənar ünsürlərə açıq mesaj verdi və onlara xəbərdarlıq etdi ki, onların qonşuların işlərinə qarışmağa haqqı yoxdur.

Ermənistanın baş nazirinin hazırkı regional vəziyyətdə İrana səfərinin önəmli mesajı və konkret məqsədi var. Azərbaycan Qarabağ bölgəsini “ələ keçirdikdən” sonra Bakı yersiz ərazi genişləndirməyə, daha dəqiq desək, regionun geosiyasi vəziyyətini dəyişməyə cəhd göstərən bəyanatlar verdi

İlham Əliyev son aylar müxtəlif bəhanələrlə Zəngəzur dəhlizi məsələsini dilə gətirir və bildirir ki, Azərbaycan bu bölgəni ələ keçirməklə öz əsas ərazisini Naxçıvanla birləşdirmək niyyətindədir. Təbii ki, İran hakimiyyətinin və müxtəlif rəsmilərin kəskin reaksiyası ilə müşayiət olunan qərar İranın regionda geosiyasi dəyişikliklərə heç vaxt imkan verməyəcəyini bildirir.

Zəngəzur bölgəsi Ermənistanın ən cənub hissəsində və İranla qonşuluqda yerləşir. Azərbaycanın tələbi yerinə yetirilərsə, İranın Avropaya çıxışı praktiki olaraq Azərbaycan ərazisindən keçməklə məhdudlaşacaq və Ermənistan İranla qonşuluğunu itirəcək. Bu dəhlizin salınması İranın vəziyyəti üçün təhlükəli olduğu halda Qərb Bloku ölkələri üçün olduqca əlverişli olaraq qiymətləndirilir və Türkiyə və müvafiq olaraq NATO Xəzər dənizinə asan çıxış əldə edəcək, digər tərəfdən Azərbaycanın iqtisadi maraqlarından, eyni zamanda Qərb və NATO-nun hərbi və təhlükəsizlik çətirini Xəzərin qərbinə qədər genişləndirmək imkanından daha asan faydalanacaq.

İran son aylarda Azərbaycanı fikrindən daşındırmaq üçün mühüm və əhəmiyyətli tədbirlər görüb. Birincisi, Ermənistan tərəfi ilə ikitərəfli münasibətlərə daha çox diqqət yetirmək və digər əlaqələri genişləndirmək məqsədilə Tehran Azərbaycanın dəhliz yaratmaq istədiyi bölgə olan Sünik (Zəngəzur) bölgəsinin Qafan şəhərində yeni baş konsulluq açdı. Bu diplomatik korpusun əhəmiyyətini bəyan etmək üçün İran xarici işlər naziri açılışda şəxsən iştirak etdi.

Növbəti addımda Tehran Azərbaycanın Naxçıvanla tez və asan əlaqə yaratmaqla bağlı narahatlığını həmişə aradan qaldırmağa çalışıb. 2021-ci ilin sonunda İran və Azərbaycan arasında anlaşmanın əldə olunmasına dair pıçıltılar əvvəlkindən daha çox eşidildi.

Qarabağla Naxçıvanın İran ərazisindən keçməklə əlaqəsini nəzərdə tutan anlaşma reallaşarsa, Zəngilanın Ağbənd kəndi 4 aşırımlı körpü vasitəsilə İran ərazisindən keçərək Naxçıvana birləşdiriləcək. Bu 55 km-lik marşrutun təkcə avtomobil yolları ilə məhdudlaşmayacağı və iki region arasında dəmir yolu xətləri, enerji ötürücü infrastruktur və telekommunikasiya xətlərini əhatə edəcəyi gözlənilir.

Digər tərəfdən, İran şimal-qərb bölgəsində güclü hərbi təlim keçirməklə öz çəkindirici gücünü nümayiş etdirib və xəbərdarlıq edib ki, Tehran regionun geosiyasi vəziyyətinin dəyişdirilməsi məsələsində heç vaxt heç bir ölkəyə güzəştə getməyəcək. Eyni zamanda prezident İbrahim Rəisi Ermənistanın baş naziri Paşinyanla birgə mətbuat konfransında Qafqaz regionunun “İranın tarixi, sivilizasiyası və mədəniyyətinin bir parçası olduğunu” və İranın bu bölgədə baş verən proseslərə həssaslıqla yanaşdığını bildirərək, Qafqazda təhlükəsizlik və sülhün bərqərar edilməsinin İran üçün çox vacib olduğunu bildirmişdi. Rəisi və Paşinyan bildirmişdilər ki, regional məsələlərin həlli region dövlətlərinin əlində olmalıdır və yad qüvvələrin bura hər hansı müdaxiləsi problemi həll etmək əvəzinə əlavə problemlər yaradacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button