İran

Bu gün Xordad qiyamından 15 il ötür

1385-ci il xordadın 1-i Güney Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. İranın mərkəzyönlü farspərəst hakimiyyəti, Pəhləvi rejimi illərindən günümüzədək türklərin milli kimliklərinitapdamaqda var güçü ulə çalışır.
1304-cü ildə Riza Xan Mirpənc Pəhləvi hakimiyyətinin əsasını qoyur. Həmin tarixdən başlayaraq Qacar Məmalik Məhrusəsinin adını İran ölkəsinə çevirən Riza Pəhləvinin hakimiyyət stratejisinin əsasını bir məqsəd təşkil edirdi: türklərin izini bu ölkədən silmək…
Cümhuri sistemi vədəsi ilə hakimiyyəti ələ keçirən Riza xan heç bir referendum qurmadan farslardan başqa bütün millətlərə, özəlliklə türklərə amansız basqı tətbiq etməyə başladı. Onun göstərişi ilə ölkənin rəsmi dili fars dili kimi dərsliklərdə də öz əksini tapdı. Bununla da Riza xan türklərin bütün milli-mənəvi irsini, elmi-tarixi sənədlərini məhv etməyə başladı. Tarix dərsliklərində türklər “vəhşi millət” və “xaricdən gəlmələr” kimi qeyd olundu. Hələ bu yetmirdi, Azərbaycan türkcəsi türk dili deyil, fars dilinin bir qolu olan qondarma “azəri” adı ilə təbliğ olundu. Türk dilində olan kitablar məhv edildi, maarifpərvər ziyalılar zülm və təqiblərə məruz qaldı. Bundan başqa, Azərbaycanın tarixi yerlərinin türkcə olan adları da farslaşdırıldı. Bu illər Azərbaycan iqtisadiyyatının tənəzzül dövrü kimi də karakterizə olunur. Uzun illər Avropaya qapı sayılan Azərbaycanın iqtisadı sıradan çıxdı. Nəticədə əhali arasında işsizlik və yoxsulluq səviyyəsi yüksək həddə çatdı. Məcburiyyət qarşısında qalan bir çox ailə öz doğma yurd-yuvalarından didərgin düşdü.
İkinci dünya savaşı nəticəsində Riza xan ərbablarının qəzəbinə tuş gəldi və Muris adasına sürgün edilərək, orada həyatını itirdi. Riza xandan sonra nisbi azadlıqdan ruhlanan türk hərəkatı 1324-cü ildə Seyid Cəfər Pişəvərinin dəstəyi ilə Təbrizdə birillik milli hökumət qurdu. Ancaq Şurəvi rejiminin təsiri ilə Amerika və ingilislərin mənafeyi təhlükəyə düşdükdə, Məhəmməd Riza Pəhləviyə qarşı dəstək artdı. Bununla da milli hökumət darmadağın edildi. Bu kimi ziddi-türk hərəkat 1357-ci il inqilabından sonra da eyni şəkildə günümüzədək davam edir. 1370-ci illərdən milli kimliyimiz uğrunda göstərilən mübarizlik Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəsmi şəkildə yaranmasına imkan verdi. Bilimyurdlarından başlanan milli oyanış hərəkatı 1370-ci illərin sonundan Babək Qalasına doğru edilən axın nəticəsində miqyasını genişləndirdi. 1385-ci il ordibehiştin 22-də İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti uşaqlar bölməsində bir karikatorla türkləri süsəriyə bənzətdi. Xordadın 1-də Tehran Bilimyurdlarının türk öyrənciləri ilə bərabər Təbriz, Urmu, Zəngan, Sulduz, Viyo və bütün türk şəhərləri, eləcə də qəsəbələrində bu çirkin ihanət və siyasətə qarşı ciddi etirazlar baş tutdu. Sözügedən məsələ ilə bağlı son şiddətli etiraz Ərdəbildə baş qaldırdı. Azərbaycan türklərinin azadlıq səsi türk uluslarının milli iradəsinin simgəsinə çevrildi. Millətimizin qəhri-qəzəbinə səbəb olan bütün fars adları və simgələri bir saat ərzində şəhərlər və qəsəbələrdən silindi, yerləri isə türkcə adlarla dəyişildi.
Bu milli qiyamda sadə millət nümayəndəsindən tutmuş ziyalılaradək hər kəs bir nəfər kimi öz əzmini göstərdi.
Türk millətinin mübarizliyi qarşısında aciz qalan Tehran rejimi həmişə olduğu kimi, bu dəfə də fitnəkarlığa əl atdı. Bu hadisələrin nəticəsi olaraq fars hakimiyyəti türklərin azadlıq səsini bütün basqısı ilə boğmaq üçün şiddətə üz tutur. Belə ki, Sulduz, Xiyo, Təbriz, Urmu və bir çox şəhərlərdə yaşayan çox sayda gənc rejimin acımasız gülləsinə tuş gəldi. Ancaq buna baxmayaraq, Azərbaycan türklərinin milli azadlıq hərəkatı bu gün mərdliklə öz sözünü deyir.
Xordad şəhidlərinin ruhunu hörmət və ehtiramla yad edir, Tanrıdan onlara rəhmət diləyirik!

Related Articles

Bir cavab yazın

Back to top button