AzərbaycanDünya

Fransa, Almaniya və Avroittifaqın “Azərbaycan yalanlarına” BMT-də inanmadılar

BMT Təhlükəsizlik Şurasının Fransanın təşəbbüsü ilə keçirilən Qarabağa həsr olunmuş iclası, gözlənildiyi kimi, Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı. Toplantı Ermənistanın və havadarlarının gözləntilərinin əksinə olaraq heç bir sənəd qəbul olunmadan başa çatıb. Baxmayaraq ki, Fransa, Almaniya təmsilçiləri, eləcə də Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel sırf qərəzə söykənən mövqe sərgilədi.

Bu arada qeyd edək ki, Cozep Borrellin Avropa İttifaqının Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoyub. Xüsusən Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib. O, Azərbaycanı Qarabağa hücumda ittiham etməyə çalışıb. Halbuki, qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb. Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir. Azərbaycan dəfələrlə bildirib ki, heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə, ölkə Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan “kütləvi deportasiyası” ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti qarayaxmasından başqa bir şey deyil. Elə bu səbəbdəndir ki, BMT tribunasında nə Aİ-nin təmsilçisi, nə Almaniya, nə də Fransa Ermənistanın Qarabağda saxladığı qanunsuz silahlı birləşmələrın çıxarılmasının vacibliyi və azərbaycanlılara qarşı törətdiyi mina terroru ilə bağlı heç nə demədilər. Onlar yenə də ikiüzlülük və siyasi riyakarlıqla Ermənistanı müdafiə etməyə çalışdılar.

44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqeyi və bəyanatları ilə seçilən bu qüvvələr münaqişədən sonrakı vəziyyətdə bölgədə sülh quruculuğu səylərindən kənarda dayanaraq, prosesə yalnız mənfi təsir göstərən açıqlamalar verməklə, separatizmi dəstəkləyən mövqe göstərməklə regionda öz maraq və mənafelərinə də zərbə vurmuş olurlar. Ümumiyyətlə, həm ötən ilin dekabrında, həm də indiki təşəbbüslər təkcə siyasi və hüquqi deyil, mənəvi baxımdan da yersiz və əsassızdır. Ona görə ki, Azərbaycan erməni vətəndaşlarının reineqrasiyasında maraqlıdır. Məkrli qüvvələr nəzərə almalıdırlar ki, nə Ermənistanın destruktiv əməlləri, nə də BMT Təhlükəsizlik Şurasında siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir etməyəcək. Qondarma iddiaların BMT-yə çıxarılması bölgədə sabitlik və əminamanlığa, sülhə, reinteqrasiya prosesinə də müsbət təsir etməyək. Əksinə, Azərbaycanın təşəbbüsü ilə başlanılan sülh prosesinə bunlar xələl gətirə bilər. Qeyri-konstruktiv mövqeyinə, eləcə də Azərbaycana qarşı apardığı qərəzli siyasətə görə bu gün Fransa regionda bütün nüfuzunu itirib, sülh prosesində heç bir rol oynamaq imkanına malik deyil. Eyni aqibətlə Almaniya və Aİ də üzləşə bilər.  Aİ-nin təmsilçisi açıqlamasında qeyri-konstruktivlik, Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirir. Bu isə Aİ prezidenti Şarl Mişelin vasitəçiliyilə aparılan danışıqları sual altına salır. Aydındır ki, BMT Təhlükəsizlik Şurasında  Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərə bilməz. Əvəzində isə bu, indiyədək ortaya qoyulan sülh təşəbbüslərinə təhdid yarada bilər. Belə olan halda hadisələrin inkişaf xətti heç də Ermənistanın xeyrinə olmayacaq. Bunu İrəvan və onun havadarları da bilməmiş deyil. İndiki halda, xüsusən də Fransa prezidentindən tutmuş deputatlara, şəhər merlərinə kimi erməni lobbisindən yemlənən zümrə Qarabağda bir ovuc separatçı üçün əldən gedir. Bu ünsürlər unudurlar ki, hər halda 30 il Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün yaradılan ATƏT-in Minsk qrupuna həmsədrlik etmiş dövlətin nümayəndəlidirlər. Riyakar, ikiüzlü siyasətlərini davam etdirməklə yanaşı, reinteqrasiyanın baş tutmaması üçün var gücləri ilə çalışırlar. Fransa prezidenti Emmanuel Makronun Türkiyə və Azərbaycana qarşı yönəlik, qatı ermənipərəst siyasət yürütdüyü heç kimə sirr deyil.  Amma reallıq bütün bu məkrli yanaşmaların iflasa uğradığını göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button