Azərbaycanİran

Bu gün 21 Azər hərəkatından 78 il ötür

Bu gün Türk dünyası və Azərbaycan tarixində önəmli səhifələrdən biri olan 21 Azər hərəkatının 78-ci ili tamam olur.

Bu hərəkat görkəmli siyasətçi, publisist və Azərbaycan Demokratik Hökumətinin sədri Seyid Cəfər Pişəvərinin adı ilə bağlıdır.
1945-ci ilin 3 sentyabrı Pişəvəri tərəfindən Azərbaycan Demokratik Firqəsinin yaradıldığı tarixdir. Həmin ilin noyabrında firqənin I qurultayı keçirilir. Seyid Cəfər Pişəvərinin Mərkəzi Komitənin sədri seçilməsi ilə firqənin Azərbaycan xalqı qarşısında tutduğu vəzifə və öhdəlikləri barədə məlumat verilir. Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı sayılan “Azərbaycan” qəzetində 21 Azər hərəkatının hazırlıq mərhələləri barədə bilgilər dərc olunur.
21 Azər hərəkatı Azərbaycan milli kimliyinin təsdiqi və Pəhləvişah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından öncə başlanır. Azərbaycan tarixinin bu parlaq səhifəsi özünü rəsmi olaraq 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə təsdiqləyir. Bu sənəd elan edir ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticə verməsinə səbəb olur.
1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilir. Bununla da azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaranır. Məktəblərdə ana dilində dərslərin keçirilməsi təmin edilir. Gənclərin maariflənməsi məqsədilə qəti addımlar atılır. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirilir. Bu səbəbdən də 21 Azər tarixi təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün mühüm ideoloji və tarixi əhəmiyyətə malikdir.

Related Articles

Bir cavab yazın

Back to top button