Azərbaycan

Parlamentin komitə sədri: “Azərbaycan dövləti ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların taleyinə biganə qalmayacaq”

“Güclü dövlətlər olan Azərbaycan və Türkiyə bölgədə aparıcı qüvvədir. Türkiyə-Azərbaycan birliyi bölgədə sülh, sabitlik amilidir”.

Ziyafət Əsgərov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Cəbrayılda mətbuata birgə bəyanatında bildirib ki, keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu, eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır: “Bu qüvvənin əsas amalı bölgədə sülh və sabitliyin təmin olunmasına, inkişafına töhfə verməkdir. Bununla yanaşı, hər hansısa üçüncü qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tutarsa və ya bu mövqeni davam etdirsə, qarşısında Türkiyə-Azərbaycan birliyini görəcək. Bunu hazırkı vəziyyətdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, sərhədlərimizdə hərbi təlimlər keçirən İrana da mesaj kimi qəbul etmək olar. Azərbaycan da hər zaman Türkiyəyə qarşı təhdidlərdə həmişə Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq”.

Parlamentin komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli identikliyi məsələlərinin çox ciddi müzakirə edilməsi məsələsini də qaldırıb: “İran hər zaman ölkədə 35 milyon azərbaycanlının hüquqlarını təmin etməyib, onların hüquqlarını pozub. Azərbaycan dövləti də bundan sonra 35 milyon azərbaycanlının hüquqlarının qorunması üçün müəyyən addımlar ata bilər. Bu gün dövlət başçısının Bağdat Amreyevi qəbul edərkən azərbaycanlıların hüquqları ilə bağlı söylədikləri də göstərir ki, Azərbaycan dövləti bundan sonra İranda yaşayan azərbaycanlıların taleyinə biganə qalmayacaq. Ümumiyyətlə, bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli identikliyinin qorunub saxlanması Prezident İlham Əliyev tərəfindən bir vəzifə kimi müəyyən edildi”.

Ziyafət Əsgərov dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycan və Prezident İlham Əliyevlə fəxr etdiklərini vurğulayıb: “Prezident İlham Əliyev və Azərbaycan dövləti də dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hüquqlarını qoruyacaq, onların taleyinə biganə qalmayacaq”.(Apa)

Related Articles

Bir cavab yazın

Back to top button